Hamilə qadınların hansı hüquqları var?

Qanunvericiliyin müxtəlif sahələrində hamilə qadınların hüquqları müdafiə edilir. “Hamilə qadınların hansı hüquqları var” sualına cavab tapmaq üçün qanunvericilikdə əks olunan həmin hüquqları təqdim edirik.

Ailə Məcəlləsinin (AM) 15-ci maddəsinə əsasən arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. AM-nın 44.5-ci maddəsinə görə, əsasən atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. AM-nın 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvadnikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir.

İnzibati Xətalar Məcəlləsinin 28.4.2-ci maddəsinə görə isə ictimai işlər inzibati xəta törətmiş hamilə qadınlara tətbiq oluna bilməz. Bundan əlavə hamilə qadınlar barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati xətanın hamilə qadın tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Hamilə qadınlar barəsində inzibati xəta törətdiyinə görə gətirilmə tətbiq edilə bilməz.

Mülki Məcəllənin1119.2-ci maddəsində qeyd edilib ki, müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır.

Cinayət Məcəlləsində (CM) də hamilə qadınların bir sıra hüquqları qeyd edilib. Belə ki, CM-nın 47.4.2-ci maddəsinə görə, hamilə qadınlara ictimai işlər tətbiq oluna bilməz. Həmçinin cinayətin hamilə qadın tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. Şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar barəsində cəzanın çəkilməsini təxirə sala bilər. Qadının hamiləliyinə görə onunla əmək müqaviləsini əsassız ləğv etmə iki min manatdan üç min manatadək miqdarda cərimə ilə cəzalandırılır.

Hamilə qadınlarda işəgötürənlə münasibətdə, əmək müqaviləsi, məzuniyyət və digər əməl hüquq münasibətlərinə əsasən bir sıra hüquqlara malikdir.

Hamilə qadınların hüquqları daha çox Əmək Məcəlləsində (ƏM) qorunur.  Həmin hüquqlar bunlardır.

· Əmək müqaviləsi bağlanılarkən sınaq müddəti hamilə qadınlaratərəflərin razılığı ilə müəyyən edilən digər hallarda müəyyən edilmir.

· Hamilə qadınların attestasiyası keçirilmir.

· Hamilə qadınların sertifikasiyası keçirilmir.

· İşəgötürən tərəfindən hamilə qadınlarınəmək müqaviləsinin ləğv olunması qadağandır.

· Qısaldılmış iş vaxtının müddəti həftə ərzində hamilə qadınlar üçün 36 saatdan artıq olmamalıdır.

· İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik) natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə hamilə qadınlara ərizələrilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir.

· Gecə vaxtı görülən işlərə hamilə qadınların cəlb edilməsinə yol verilmir.

· Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:

a) normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);

b) doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü);

c) iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü).

Hamilə qadınların əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən hamiləliyə görə sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra qadınların istifadə etmək hüququ vardır. Hamilə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə qadın əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallara şamil olunmur. İşəgötürən hamilə qadınla bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.

Əmək Məcəlləsinin 241-ci maddəsinə görə, hamilə qadınların aşağıda qeyd edilmiş işlərin görülməsinə cəlb olunması qadağandır.

1.Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır.

2.Bir qayda olaraq, fiziki işlə məşğul olmayan, rəhbər vəzifələrdə çalışan və ya sosial, sanitar-tibbi xidmətlər göstərən, habelə fiziki işlər görmədən yeraltı iş yerlərinə düşüb qalxmaqla ayrı-ayrı vaxtlarda qadınlar tərəfindən müvafiq yeraltı işlərin yerinə yetirilməsinə yol verilir.

3.Qadınların bu maddə ilə müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır.

Hamilə qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir.

Tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılır, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilirlər.

Hamiləlik və ya uşağının yedizdirilməsi səbəblərinə görə qadınların əmək haqqının azaldılması qadağandır.

Hamilə qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əmək haqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Hamilə qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əmək haqqı saxlanılır. Belə müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır.

Cinayət Prosessual Məcəlləsinə görə hamilə qadınların hüquq-mühafizə orqanlarına məcburi gətirilməsinə yol verilmir. Cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda hamilə məhkum edilmiş qadın barəsində cəzanın çəkilməsi hökmü çıxarmış məhkəmə tərəfindən uşağın səkkiz yaşı tamam olanadək təxirə salına bilər.

Gömrük Məcəlləsində də hamilə qadınların hüquqları müdafiə altındadır. Qanunvericiliyə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən əl qandalları, rezin dəyənəklər, gözyaşardıcı maddələr, binaların açılması üçün qurğular, nəqliyyatın məcburi dayandırılmasını təmin edən vasitələr və digər xüsusi vasitələr tətbiq etmək hüququna malikdirlər. Amma aşkar hamiləlik əlamətləri olan qadınlara qarşı (onlar tərəfindən silahlı müqavimət göstərilməsi, insanların həyatı və sağlamlığı, gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin toxunulmazlığına təhlükə törədən dəstə şəklində və digər basqınlar edilməsi halları istisna olmaqla), habelə kənar şəxslərin zərər çəkə biləcəyi hallarda xüsusi vasitələrin tətbiq edilməsi qadağandır.

Benefisiar.org