Faktorinq müqaviləsi və onun hüquqi aspektləri

Açar sözlər: faktorinq müqaviləsi, faktor, bank, UNIDROIT, FCİ, kompleks maliyyələşdirmə aləti.

Bir həqiqətlə başlayaq – bütün bizneslərin kapitala ehtiyacı var. Hər gün müxtəlif sənaye sahələrində yeni şirkətlər yaradılır, işləmək və inkişaf etmək üçün daimi pul axınına ehtiyac isə onların hər birinin ortaq cəhətidir. Məsələn, A şirkətinin alqı-satqı müaviləsi üzrə digər tərəf olan borclu B-dən ödəniş gözlədiyi orta vaxt təxminən 3 aydır, göründüyü kimi heç də bütün malların dəyəri dərhal ödənilmir və bu müddət ərzində A-nın müvafiq biznes ehtiyacları yaranır. Qeyd olunan müddət ərzində A şirkətində digər mal göndərişlərini həyata keçirmək üçün vəsait çatışmazlığı yaranır; işçilərin əmək haqqı köçürmələri, vergi və digər məcburi ödənişlər gecikir; yeni sifərişlər, həmçinin yeni alıcıların tələbləri gecikir; biznesin digər xərclərinin ödənilməsində çətinliklər yaranır. Yaxud satıcı satdığı malın pulunu dərhal əldə etmək istəyir, debitorların idarə olunmasına vaxt sərf etmək istəmir, satışa qədərki maliyyə vəsaitlərinə ehtiyacı qarşılamaq, pulun ödənilməsinə əmin olmaq istəyir. Bu kimi hallar baş verərsə, şirkət inkişaf üçün vəsaitdən və ya ödənişdən məhrum olur. Belə situasiyada şirkətlərin bəziləri təsisçilərin kapitalına güvənir, lakin əksəriyyəti seçim qarşısında qalır – vəsaiti haradan əldə etmək olar? Bu zaman cavab faktorinq ola bilər. Faktorinq qeyd edəcəyimiz əlamət və xüsusiyyətlərinə görə kompleks maliyyə xidməti hesab edilir, hansı ki, faktorinqdə bu müştərinin faktor tərəfindən mühasibat uçotunun aparılması, ödənişin inkassasiya edilməsi, debitor borcu üzrə digər maliyyə xidmətlərinin həyata keçirilməsində ifadə olunur və bu münasibətləri tənzimləmək üçün faktor ilə müştəri arasında faktorinq müqaviləsi bağlanılır. Mülki Məcəllənin 655.1-ci maddəsində faktorinq müqaviləsinə belə anlayış verilir: Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Belə ki, faktorinq müqaviləsi özündə 3 tərəfi: faktor, müştəri (hansı ki alqı-satqı, mal göndərmə kimi müqavilənin kreditorudur) və üçüncü şəxs kimi də adlandırılan borclunu birləşdirir. Mülki Məcəllə göründüyü kimi malgöndərənin faktorinqini nəzərdə tutmuşdur, lakin malalanın faktorinqi də mövcuddur ki, burada faktorinq müqaviləsi üzrə müştəri qismində digər müqavilənin (malgöndərmə və ya alqı-satqı) satıcısı yox, alıcısı çıxış edir. Lakin malalanın faktorinqi faktorlar üçün daha riskli olduğundan praktikada malgöndərinin faktorinqinə nisbətən geniş yayılmamışdır.

Faktorinq müqaviləsi özündə üç əsas müqaviləni – xidmət, alqı-satqı və faktorinq müqavilələrini ehtiva edir. Hətta Mülki Məcəllənin (MM) 7-ci bölmə, 29-cu fəsil (alqı-satqı), 7-ci paraqrafda nəzərdə tutulmuşdur, yəni alqı-satqı müqaviləsinin bir növü kimi. Bu da faktorinq müqaviləsinin xüsusiyyətlərinin düzgün anlaşılması, hüquq sistemində yeri ilə bağlı problemlər yaradır. Bəziləri tərəfindən faktorinq müqaviləsi sadəcə tələblərin alqı-satqısı kimi, bəziləri tərəfindən isə sadəcə kredit müqaviləsi kimi qəbul edilir. İlk öncə tələb və digər hüquqların alqı-satqısı müqaviləsinin tərəfləri qanunvericiliklə məhdudlaşmır, MM-nin 655.6- cı maddəsinə görə isə faktor rolunda banklar, kredit təşkilatları və bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan kommersiya təşkilatları çıxış edə bilər. Müştəri kimi kimlərin çıxış etməsi məcəllədə qeyd edilmir, lakin praktikada bu müqavilənin istifadəçilərinin xüsusən sahibkarlar olması məlumdur və bu da təbiidir. Digər tərəfdən tələblərin alqı-satqısı zamanı hər hansı tələbin və hər hansı digər hüququn satıcısı həmin tələbin və ya hüququn həqiqətən mövcud olmasına cavabdehdir. Bu hal ilkin kreditorun borclu tərəfindən ödənişin həqiqətən də edilməsinə deyil, ötürülən tələbin mövcudluğuna məsuliyyətini əsaslandırır. Bu əlamətlər (xüsusən tərəflər) faktorinq müqaviləsi ilə tələblərin alqı-satqısı müqaviləsinin fərqləndirilməsi üçün kifayətdir. Məsələn, bir bankın direktoru olan A şəxsi ilə B şəxsi arasında müqavilə bağlanılır və onlar buna faktorinq adı verirlər. Bu faktorinq hesab edilə bilərmi? MM-nin 655.6- cı maddəsinə əsasən faktor rolunda bank və digər kommersiya təşkilatları maliyyə institutu kimi faktorinqdə iştirak edə bilərlər. A isə fiziki şəxsdir. Bu səbəbdən A və B arasındakı müqavilə etibarlı faktorinq müqaviləsi kimi dəyərləndirilə bilməz. Tərəflər arasındakı müqavilə etibarlı faktorinq müqaviləsi deyil, lakin bu etibarlı müqavilə ola bilməz nəticəsini vermir. Burada müqavilənin yanlış adlandırılmasının müqavilənin etibarsızlığı ilə nəticələnməməsi (falsa demonstratio non nocet) və müqavilənin təfsirində tərəflərin qarşılıqlı ifadələrinə hüquqi qüvvə vermək iradəsinin əsas götürülməsi (favor contractus) prinsipləri nəzərə alınmalıdır. Yəni faktorinq müqaviləsinin şərtlərinə uyğun olmasa da, etibarlı “tələblərin və digər hüquqların alqı-satqısı” müqaviləsi ola bilər.

Faktorinq əməliyyatlarının faktorinq şirkətləri üçün üstünlükləri:

  • Faktorinq şirkətləri müştəriyə qabaqcadan etdikləri ödənişlə faiz və komissiya alırlar.
  • Faktorinq şirkətləri bu xidmətlər müqabilində bir çox şirkətləri özlərinə birləşdirərək böyük qazanc əldə edirlər.
  • Faktorinq şirkətləri şirkətlər haqqında apardıqları kəşfiyyat araşdırmaları nəticəsində sektorlar haqqında çoxlu məlumat əldə edir və bir növlə məlumat bankına çevrilirlər.

Faktorinq əməliyyatlarının müştərilər (satıcılar) üçün üstünlükləri:

  • Müştəri bağladığı müqavilə müqabilində debitor borcunu faktorinq şirkətinə köçürdükcə balans likvidləşir və müştərinin etibarlılığı artır.
  • Müştəri debitor borclarını yığa bilməmək riskini faktorinq şirkətinə ötürdüyü üçün iş yükü azalır, nağd pulu olduğu üçün bazarlarını genişləndirə
  • Faktorinq prosesi ilə əldə etdiyi avans ödənişi sayəsində müştəri xammalı endirimlə alır, xərcləri azaldır və mənfəətini artırır.
  • Faktorinq şirkətindən alınan kreditin dəyəri digər kommersiya kreditlərinə nisbətən daha münasib olduğu üçün müştərilər ediləcək forvard satışlardan daha çox qazana bilərlər.
  • Şirkət mühasibat əməliyyatları ilə məşğul olmadığı üçün iş yükü azalır. Yəni bu əməliyyatlar artıq faktor tərəfindən həyata keçirilir.

Faktorinq əməliyyatlarının milli iqtisadiyyata verdiyi töhfələr:

  • Faktorinq müqaviləsi ilə verilən kreditlər sayəsində ticarət canlanır və məşğulluq artır.
  • Faktorinq şirkətləri bank kimi digər maliyyə qurumlarının sərt qaydalarına görə kredit ala bilməyən şirkətləri formal iqtisadiyyata cəlb edir və onların qeyri-qanuni yollara əl atmasının qarşısını alır.
  • Faktorinq əməliyyatları sənədlər, yəni fakturalar əsasında həyata keçirildiyi üçün qeydiyyatsız əməliyyatların qarşısı alınır.

Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kredit müqaviləsinə görə bank müddətlilik, qaytarılma və ödəmə şərtləri ilə borc alana razılaşdırılmış məbləğdə kredit təqdim etməyi öhdəsinə götürür, borc alan isə alınmış məbləği təyinatı üzrə istifadə etməyi və müəyyən edilmiş müddətdə qaytarmağı (şərtləşdirilmiş faizləri ödəməklə) öhdəsinə götürür. Faktorinq müqaviləsinin predmeti debitor borcları üzrə pul məbləği (malalanın faktorinqidirsə, kreditor borcları predmet kimi çıxış edir) olduğu təqdirdə, kredit müqaviləsinin predmeti hər hansı pul məbləğidir. Eyni zamanda banklardan böyük məbləğdə kredit götürdükdə müştəridən təminat tələb edilir, girov və ipoteka, saxlanc, zaminlik, sığorta təminatın müəyyən edilməsi meyarları qismində çıxış edə bilər. Bu da təminatın qeydiyyatı üzrə və digər xərclərin yaranmasına səbəb olur. Əlavə olaraq, kreditlər banklar tərəfindən uzunmüddətli olmaqla yüksək faizlərlə verilir.

Faktorinq xidmətinin həm ölkə daxilində, həm də ölkə xaricində geniş tətbiq olunmağa başlanılması 28 may 1988-ci il tarixində Beynəlxalq Faktorinq Haqqında Ottava Konvensiyasının qəbul edilməsinə və imzalanmasına səbəb olmuşdur. Konvensiya 1 may 1995- ci ildən qüvvəyə minmişdir. Həmin konvensiyanın 1.2-ci maddəsinə əsasən faktorinq müqaviləsi bir tərəflə ( the supplier ), digər tərəf arasında ( the factor ) bağlanmış müqavilədir. Bu müqaviləyə görə birinci tərəf, yəni təchizatçı onunla müştəriləri (borcluları) arasında bağlanmış malların alqı-satqısı müqavilələrindən yaranan debitor borclarını faktora güzəşt edə bilər. (1.2 (a)) 1.2 (b) bəndinə əsasən faktor sadalanan funksiyalardan ən azı ikisini yerinə yetirməlidir: kreditlər və avans ödənişləri daxil olmaqla təchizatçı üçün maliyyələşdirmə; debitor borclarının yığılması; debitor borclarına aid hesabların (mühasibat uçotunun) aparılması; borclular tərəfindən ödənişlərin yerinə yetirilməməsindən müdafiə. Faktorinqlə bağlı diqqət yetirilməli olan məqamlardan biri də budur ki, faktorinq müqaviləsinə əsasən faktor həyata keçirdiyi əməliyyatları yalnız bir xidmət kimi müştəri üçün etmir, həm də bir kreditor kimi özü üçün edir. Bu səbəbdən UNIDROIT 1988-ci il konvensiyasında “xidmət” ifadəsi yerinə “funksiya” sözünə üstünlük verilmişdir. Lakin UNİDROİT-dən fərqli olaraq FCİ faktorinqə anlayış verərkən xidmət anlayışından istifadə etmişdir. Factors Chain İnternational debitor borclarının faktorinqi və maliyyələşdirilməsi üzrə qlobal nümayəndəlik orqanıdır. FCİ 1968-ci ildə qeyri-kommersiya qlobal birliyi kimi yaradılmışdır. Bir sözlə bu orqan öz üzvlərinin ixrac və idxal amilləri kimi əməkdaşlıq etdiyi transsərhəd faktorinq fəaliyyətlərini dəstəkləyir. 50 illik mövcudluğundan sonra FCİ həmçinin daha iki biznes xətti açmışdır: əks faktorinq və İslam Beynəlxalq Faktorinqi.

1988-ci il konvensiyası beynəlxalq faktorinq müqavilələrini tənzimləyir. Yerli faktorinqlə beynəlxalq faktorinq arasındakı əsas fərq isə ondan ibarətdir ki, yerli faktorinq vahid hüquqi sistemdə fəaliyyət göstərən və yerli valyutadan istifadə edən tərəfləri cəlb edir. Beynəlxalq faktorinq ixracatçının malların və ya xidmətlərin sərhəddən çatdırılması nəticəsində yaranan debitor borclarını əhatə edir. Beynəlxalq faktorinq növündə əsasən 4 maraqlı tərəf olur: müştəri (ixracatçı), borclu (idxalçı), ixracatçı faktor və idxalçı faktor. Beynəlxalq faktorinq iki faktorlu sistem vasitəsilə və ya birbaşa (idxal və ixrac) faktorinq kimi təşkil edilə bilər. İki faktorlu sistemə əsasən, təchizatçının ölkəsində bir şirkət ixrac faktoru kimi çıxış edir – maliyyələşdirmə, kreditin idarə edilməsi, satış kitabçasının uçotu və ya bu xidmətlərin kombinasiyası ilə məşğul olur. İkinci şirkət idxal faktoru – alıcının ərazisində kredit örtüyü və yığımı həyata keçirir. Beləliklə, funksiyalar və risklər idxal faktoru və ixrac faktoru arasında bölünür. Bu modelin əsas məqsədi yerli kredit və yığım biliklərindən istifadə etmək və inzibati xərcləri məhdudlaşdırmaqdır. Faktorlar adətən beynəlxalq faktorinq qruplarına üzvlük vasitəsilə sərhədlərarası işgüzar əlaqələr yaradır ki, bu da onlara son istifadəçiyə ümumi xidmət təklif etmək üçün birlikdə səmərəli işləməyə imkan verir. Birbaşa faktorinq zamanı debitor borcları ixrac və ya idxal ölkəsində yerləşən faktora təyin edilir. Birbaşa ixrac faktorinqi ilə bağlı problem ondan ibarətdir ki, ixrac edən ölkədə faktor kredit funksiyası (ödəmə qabiliyyətinin yoxlanılması) və iddiaların toplanması ilə bağlı əhəmiyyətli çətinliklərlə üzləşə bilər, çünki faktorda yerli məlumat və ekspertiza olmaya bilər. Debitor borclarının idxal ölkəsində faktora aid edildiyi idxal faktorinqi ixrac faktorinqindən daha sadə bir seçimdir. Bununla belə, əgər müştəri eyni vaxtda bir çox ölkədə fəaliyyət göstərirsə, bu model əməliyyatların ümumi xərclərini artıra bilər, çünki müştəri hər bir idxal ölkəsində uyğun amilləri tapmalıdır.

Əlavə olaraq faktorinq müqaviləsinin reqres (həqiqi olmayan faktorinq) və qeyri-reqres (həqiqi faktorinq) kimi növləri də mövcuddur. Bu növlər faktorinqin maliyyələşdirmə, idarə etmə və riskin götürülməsi – funksiyalarından irəli gəlir. Xüsusən riskin götürülməsi funksiyası, belə ki, hər üç funksiya mövcuddursa, bu qeyri – reqres, riskin götürülməsi funksiyası mövcud deyilsə, reqres faktorinqi yaranmış olur. Qeyri-reqres faktorinqinə görə həm borc, həm də borclunun müflisləşmə riski faktora keçir. Borclu tərəfindən öhdəlik yerinə yetirilmədikdə faktorun reqres hüququ mövcud olmadığından müştəridən tələb edə bilməz. Bu növ faktorinqin xərcləri reqres faktorinqi ilə müqayisədə xeyli yüksəkdir. Bu faktorun daşıdığı risklə bağlıdır. Reqres faktorinqində isə faktor borclunun müflisləşmə riskinə görə məsuliyyət daşımır. Bu o deməkdir ki, əgər borclu öz öhdəliklərini yerinə yetirmirsə, borcunu borcludan alan satıcıdır. Hər iki növün əlamətlərinin mövcud olduğu qarışıq faktorinq müqaviləsi zamanı isə faktor borclunun müflisləşmə riskini müəyyən məbləğə qədər öz üzərinə götürür, ondan yuxarı ödənişlər reqres faktorinqini tənzimləyən qaydalara tabedir. Beləliklə, tərəflər riski aralarında razılığa gəlməklə bölə bilərlər. Sazişdə müştərinin riski 0% qeyd olunubsa, faktorun borclu tərəfindən ödənişi gecikdirilmiş məbləği müştəridən tələb etmək hüququ yoxdur. Əgər sazişdə faiz dərəcəsi 0-100 % arası müəyyən edilirsə, bu artıq risklərin planlaşdırılması deməkdir. Belə situasiyada müştəri müəyyən edilmiş faiz dərəcəsində, faktor isə 100% -lə sazişdə müəyyənləşdirilmiş faiz dərəcəsinin fərqi nisbətində ödənilməmiş məbləğin riskini daşıyır. Əgər borclu sonradan gecikdirilmiş həmin öhdəliyini yerinə yetirərsə, ilk növbədə faktorun zərəri ödənilir, qalıq məbləğ isə müştəriyə verilir. Bundan başqa borclunun öhdəliyini gecikdirdiyi hər gün üçün dəbbə pulu ödəməsi nəzərdə tutula bilər.

Digər diqqət yetirilməli olan məqamlardan biri MM-nin 655.2-ci (Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir) maddəsidir. Borcluya bildirişin verilməsi məcəllədə imperativ norma kimi müəyyən edilmişdir, lakin nəzərə almaq lazımdır ki, faktorinq mqaviləsinə aid müddəalar 1988-ci il konvensiyasına uyğun hazırlanmışdır (Azərbaycan Respublikası konvensiyanı ratifikasiya etməsə də) və bu konvensiya beynəlxalq faktorinq müqavilələrini tənzimləyir. Yəni beynəlxalq faktorinq müqavilələrində borcluya bildirişin verilməsi zəruridir, çünki tərəflər fərqli ölkələrdə olduğundan hər iki tərəfin faktoru olur (ixracatçı və idxalçının faktoru) və onlar arasında hər bir halda informasiya mübadiləsi həyata keçirilir. Bu səbəbdən konvensiya bildirişin verilməsini imperativ norma kimi nəzərdən keçirir. Deməli, borcluya bildirişin verilib-verilməməsi faktorinqin növündən asılı olaraq imperativ və dizpozitiv ola bilər. Bu məqsədlə də inkişaf etmiş ölkələrdə geniş tətbiq edilən Açıqlanmış (xəbərdar edilmiş) və Səssiz (örtülü) faktorinq növləri fərqləndirilir. Açıq faktorinq zamanı borcluya ödəməli olduğu pul məbləğinin faktora təqdim edilməsi ilə bağlı məlumat verilməlidir. Bu faktorinq növü həqiqi faktorinqdə (qeyri-reqres) öz əksini tapır. Örtülü və ya səssiz faktorinq zamanı borcluya məlumat verilmədən faktor və müştəri arasında müqavilə bağlanılır, deməli borcluya bildiriş təqdim edilmədiyi üçün o, ödəməli olduğu pul məbləğini müştəriyə verməklə öhdəliyini yerinə yetirmiş olur. Amma bu halda faktorun borcluya verdiyi pul məbləğini geri ala bilməmək təhlükəsi yaranır. Bu səbəbdən dolayı səssiz faktorinq həqiqi olmayan faktorinq (reqres) növünə münasibətdə istifadə edilir. Çünki faktor ödəməmə riskini öz üzərinə götürmədiyindən və bu riskin müştəridə qalması səbəbindən müştəri pul məbləğinin faktora çatmamasına görə məsuliyyət daşıyır.

NƏTİCƏ

Faktor (bank) fəaliyyətinə görə faiz və komissiya alır, borclu isə ödəniş müddətinin uzadılması ilə bağlı danışıqlar apara bilər. Satıcı (kreditor) müqavilədə nəzərdə tutulmuş ödəniş tarixinə qədər yerinə yetirdiyi tədarüklərə və ya göstərdiyi xidmətlərə görə hüququ olan maliyyə mənbələrinə çıxış əldə edir. Bu, malların istehsalçısının (təchizatçısının) vaxtına və puluna xeyli qənaət etməsinə və ona diqqətini yalnız əsas işinə yönəltməsinə imkan verəcək bir maliyyələşdirmə alətidir. Digər tərəfdən faktorinq xidmətindən istifadə satıcıda yaranmış tərəddüdləri aradan qaldırır. Məsələn, Almaniyadan tanımadığı bir idxalçı corab istehsal edən ixracatçıya müraciət edir və yaxın on iki ay ərzində 3 milyon avro dəyərində mal alacağını, lakin heç bir zəmanət və ya bank zəmanəti verə bilməyəcəyini bildirir. Bundan əlavə, malı ona açıq hesab kimi göndərməsini xahiş edir və malı satıb pulu yığdıqdan sonra 60 günə ödəyə biləcəyini bildirir. Belə olan halda, normal bazar şəraitində potensial müştərinin belə bir tələbinə faktorinqi tanımayan ixracatçının cavabı aydın olur: “Xeyr” . Halbuki faktorinqi bilən ixracatçı “gəlin fikirləşək” deyib öz ölkəsindəki faktorinq şirkətinə müraciət edir və bu alıcıya faktorinq edilə bilərmi, deyə soruşur. Faktorinq şirkəti araşdırma apararaq və ya alıcını araşdıraraq kifayət qədər rəy taparsa, müəyyən bir limit daxilində satıcı (ixracatçı) firmaya satışın debitor borclarını öz üzərinə götürə, inkassasiya təqibi ilə bağlı bütün əməliyyatları həyata keçirə bilər. Bu səbəbdən Azərbaycan Respublikasında faktorinq inkişafı və tətbiqinin artırılması KOB –ların inkişafına, maliyyə ehtiyaclarının ödənilməsinə və bazar iqtisadiyyatının inkişafına şərait yarada bilər. Halhazırda Azərbaycan Respublikası Mülki Məcəlləsində faktorinq münasibətlərinin tənzimlənməsi 7-ci bölmə, 29-cu fəsil və 7-ci paraqrafda nəzərdə tutulan maddələrlə tənzimlənir. Faktorinq müqaviləsinə verilən anlayış və məcəllədə nəzərədə tutulan maddələr 1988-ci konvensiyasına uyğun gəlsə də, AR konvensiyanıratifikasiya etməmişdir. Digər bir mənfi cəhət isə ixtisaslaşmış kadrların çatışmazlığıdır. Bu sahədə kadrların olması isə kifayət edəcək yeganə amil deyil, eyni zamanda tələbat olmalıdır. Tələbatın olması üçün isə faktor rolunda çıxış edəcək şəxslərə və təbii ki, eyni zamanda müştəriyə inam və etibar edilməlidir. Digər bir məsələ isə budur ki, faktorinq beynəlxalq yanaşmalarda maliyyə xidməti və ya maliyyələşdirmənin bir üsulu hesab olunsa da, AR-da maliyyə xidmətləri hesab olunan əməliyyatlar siyahısına daxil edilməmişdir. (AR Vergi Məcəlləsi 13.2.14-cü maddəsində)

ƏDƏBİYYAT SİYAHISI:

  1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
  2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dair praktikum, Rolf Knieper, Əliyev Azər, Usub Elçin, “Papirus” nəşriyyat-poliqrafiya müəssisəsi, Bakı 2020, 184
  3. Faktoring İşlemi ve Faktoring işleminin hukuki Dr.Betül Tiryaki//Dokuz eylül Üniversitesi, Hukuk fakültesi dergisi, 2016, s. 189-214
  4. Emen İsmail, Factoring, Mali Dünyamızın Yeni Kavramları: Factoring, Leasing, Forfaiting, Futures ve Options, İstanbul Mulkiyeliler Vakfı, İstanbul, 1992, 151
  5. Faktoring İşlemlerinin Hukuksal-Finansal Boyutu ve Sektör Analizi//Murat Akkaya, Mehmet Karakartal, Türkiye Bankalar Birliyi, Bankacılar dergisi, aralık 2022, 31-49
  6. Factors Chain International, Correspondence Course Book, Amsterdam,1989,p.21
  7. Fiordelisi Franko, Molyneux Philip, Efficiency in the factoring industry // Apllied economics, 2004, N-36, p. 947-948
  8. Journal of Qafqaz University, History, Law and Political sciences//an international journal, 2013, ISSN 2311-1259, 266 s., p.252-264
  9. Ottawa Convention on               International            Factoring  of    28               May        https://www.unidroit.org/instruments/factoring/
  10. The role of factoring for financing small and medium enterprises, Leora Klapper, Journal of Banking & Finance, ResearchGate, 2006, 112 p.

Sevinc Sarıyeva – Bakı Dövlət Universiteti Hüquq fakültəsinin tələbəsi