Azərbaycan hüququ: fəlsəfəsi və gerçəkləri (III yazı)

Hüquqşünas
Ənnağı Hacıbəyli – hüquqşünas

İcra hakimiyyəti

Bizdə qanunvericilik var, hüquqyaratma prosesi yoxdur. Birinci formal qanunlar yaratmaqla, ikinci hüquq qanunları yaratmaqla məşğul olur. Birinci – hakimiyyətin hüququnu, ikinci – hüququn hakimiyyətini yaradır.

Ölkədə mövcud durum – hakimiyyətin hüququnun hüququn hakimiyyətini üstələməsi məhz bundan qaynaqlanır. Bu durumun konstitusion və qanuni əsasları yaradılıb.

Konstitusiyanın 96-cı maddəsində deyilir: “Qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Milli Məclisin müzakirəsinə təqdim etmək hüququ) Milli Məclisin deputatlarına, ölkə Prezidentinə, Ali Məhkəməyə, seçki hüququ olan 40 min vətəndaşa, AR Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur.

Ölkə Prezidentinin, Ali Məhkəmənin, seçki hüququ olan 40 min vətəndaşın, Prokurorluğun və Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur. Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən subyektin razılığı ilə edilə bilər”.

Ölkədə qanunvericilik təşəbbüsü hüququndan gen-bol yararlanan bir subyekt var: Prezident.

Bu hüququn başqa subyektlərinin “passivliyini” qırağa qoyaq və ali qanunverici orqanı – Milli Məclisi faktiki əvəz etmiş Prezidentin hakim mövqeyini təmin edən başqa qaydalara baxaq: Prezident qanun layihəsini hazırlayıb parlamentə təqdim edir, layihəyə dəyişiklik etməyə razılıq verir, qanun layihələrini və hətta qəbul edilmiş qanunları ekspertizadan keçirir, qanunu imzalayıb qüvvəyə mindirir, qanuna veto qoyur, onun icrası barədə Fərman verir, onun tətbiqi ilə bağlı normativ akt (fərmanlar) qəbul edir, nəhayət, bu qanunları qəbul edən ali qanunverici orqanı – parlamenti buraxa bilir.

Ümumiyyətlə, icra hakimiyyətinin qanunverici hakimiyyətə və onun səlahiyyətlərinə təcavüzü əsasən üç formada təzahür edir:

1) Parlamentin icra hakimiyyətinin iradəsi ilə formalaşması;
2) Qanunvericilik təşəbbüsü hüququndan aşırı yararlanması;
3) Fərmanlarla çoxsaylı yeni, bəzən hətta qanuna zidd normalar qəbul edilməsi.
Konstitusiya qəbul edildikdən sonra onda dəyişiklik edilməsi barədə ondan artıq referendum keçirilib, lakin “Qanunların imzalanması” adlanan 110-cu maddə toxunulmaz qalıb, 96-cı maddəyə isə “Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşı” sözləri əlavə edilib. Bu əlavənin işə salınmasına cəhdlər isə 12 il keçməsinə baxmayaraq hələ də nəticə verməyib.

Ölkə ictimai rəyinə görə parlament icra hakimiyyətinin qanun təsdiqetmə kontoruna çevrilib…

Qanunvericilik təşəbbüsünün faktiki olaraq bir əldə cəmləşməsi Konstitusiyaya uyğun deyil, başqa subyektlərin, onların vasitəsilə və ya vasitəsiz olaraq toplumun dövlətin idarə edilməsində iştirak, dövlət iradəsinin formalaşması və gerçəkləşdirilməsi prinsip və qaydalarının pozulması və xəyali hüquqa çevrilməsidir.

Konstitusiyanın 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.

Hakimiyyətin bir əldə cəmləşməsi o deməkdir ki, hakimiyyətin gerçəkdən mənbəyi yeganədir, lakin o, xalq deyil, prezidentdir. Azad, ədalətli, demokratik seçkilər yolu ilə dövlət hakimiyyətini formalaşdıra bilməyən xalq hakimiyyətin mənbəyi sayıla bilməz.

Qanun çeşidli mənafelərin kompromisidir. Qanunvericilik prosesi, qanunların qiymətləndirilməsi fəaliyyəti bir hakimiyyət budağının, hətta təkcə hakimiyyətin inhisarında olmamalıdır.

Qanun, adətən, bütün cəmiyyət üçün yazıldığından onu icra etməli adamların da rəyi bütün qanunvericilik prosesi boyu nəzərə alınmalıdır. Son illər ölkədə mövcud olan real durum budur ki, siyasi partiyalar, vətəndaş cəmiyyəti, mütəxəssislər qanunvericilik prosesindən kənarda qalıblar.

Ölkədə ictimai rəy diqqət obyektindən çox inkar obyektinə çevrilib.

Hakimiyyətlərin bölünməsi prinsipini çətin anlayanlar üçün sadə şəkildə deyək: dövlət hakimiyyətinin qanunverici, icra, məhkəmə hakimiyyətinə bölünməsi o deməkdir ki, parlament ancaq qanunlar qəbul etməli, icra hakimiyyəti qanunları gerçəkləşdirməli, məhkəmə hakimiyyəti ədalət mühakiməsini həyata keçirməlidir.
Belədirsə, icra hakimiyyətinin qanunvericilik səlahiyyətini əslində monopoliyaya alması hansı hüquq fəlsəfəsinə söykənir?

Bəs hakimiyyət necə, bölünübmü və ya parlament adlanan mənasız quruma bu qədər dövlət vəsaiti israf edilməsinin mənası nədir?

Hüquq fəlsəfəsini qırağa qoyub Azərbaycan Konstitusiyasının özünün elan etdiyi prinsiplərə baxaq:

“Azərbaycan dövləti” adlanan 7-ci maddədə deyilir: “Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir və qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir”.

Parlamentin ali qanunverici orqan statusu onun konstitusion səlahiyyətləri və müstəqilliyi ilə təmin edilir.

Gerçək qanun yaradıcılığı prosesi kimsənin müdaxiləsi olmadan, parlamentin qanun yaradıcılığı və qanunların sərbəst müzakirəsi və qəbulu deməkdir.

Müzakirə etdiyi layihəyə kimdənsə razılıq almadan dəyişiklik edə bilməyən orqan ali qanunverici orqan sayıla bilməz. Təsadüfi deyil ki, biz bir neçə dəfə hakim partiyanın parlamentdəki üzvlərinin “Möhtərəm Prezidentin göndərdiyi layihənin müzakirəyə ehtiyacı yoxdur” kimi Konstitusiya və qanunlara zidd, sarsaq çıxışların şahidi olmuşuq.

“Liberalizmin atası” C.Lokk “Qanun cəmiyyətin iradəsi olmalıdır” deyəndə hardan bilə bilərdi ki, ondan dörd yüz il sonra da buna şübhə edənlər olacaq…

Layihə müəllifinin razılığı ilə qanun qəbul edilməsi qaydası qanunvericilik prosesinə mülkiyyət münasibətlərinin gətirilməsi deməkdir. Bu qayda məhz prezident layihələrinin toxunulmazlığını təmin etmək üçün Konstitusiyaya daxil edilib. Çünki qanunvericilik təşəbbüsü hüququ faktiki olaraq onun monopoliyasına çevrilib. Cari qanunvericilik də bu yöndə formalaşdırılıb.

“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun (bundan sonra – KQ) “Normayaratma prosesi” adlanan VIII Fəslinin qaydalarına görə, normativ hüquqi aktın layihəsinin hazırlanması normayaratma təşəbbüsünə baxılması və layihənin hazırlanması üzrə qərar qəbul edilməsi, layihənin hazırlanmasının təşkilati-texniki və maliyyə təminatı, zəruri materialların və məlumatların toplanması, layihənin konsepsiyasının hazırlanması, layihənin mətninin tərtib edilməsi, layihənin razılaşdırılması, hüquqi, linqvistik, maliyyə və başqa zəruri ekspertizaların keçirilməsindən ibarət olmalıdır.

Praktikada əksər hallarda bütün bu etaplar hansısa ölkənin (adətən Rusiyanın) oxşar qanununun tərcüməsi və axtalanması prosesi ilə qapanır.

KQ-nin tələbinə görə, normayaratma orqanı normativ hüquqi aktın layihəsinin hazırlanmasını müstəqil surətdə həyata keçirə və ya normayaratma təşəbbüsünün başqa subyektinin səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin subyektə tapşıra bilər, layihənin hazırlanmasına mütəxəssisləri cəlb edə, bunun üçün xüsusi yaradılmış müvəqqəti komissiyalara və ya işçi qruplarına tapşırıq verə bilər.

Bu qayda sifarişli qanunların qəbulu kimi icra edilir. Polis, ədliyyə, prokurorluq, icra hakimiyyəti orqanları qanun layihəsini istədiyi kimi hazırlayıb parlamentə təqdim edir və cüzi dəyişikliklərlə onun qəbuluna nail olur.

Qanunun tələbinə görə qanun layihələrinin ekspertizasını Milli Məclisin aparatı həyata keçirir. Başqa subyektlərdən daxil olan qanun layihələri az-çox ekspertizaya məruz qalsa da, Prezident Administrasiyasından daxil olan layihələr demək olar olduğu kimi qəbul edilir, ekspertiza formal xarakter daşıyır. Bu halda qanunvericilik hakimiyyəti icra hakimiyyəti ilə əvəzlənir, icra hakimiyyəti əslində bütün hakimiyyətlərin daşıyıcısı statusu əldə edir. Bu durumun yaranmasının bir səbəbi də məhkəmə hakimiyyətinin, o sıradan Konstitusiya Məhkəməsinin icra hakimiyyətindən tam asılılığıdır.

Çağdaş hüquq prinsipləri əsasında yeni, proqressiv Konstitusiyanın qəbuluna ciddi ehtiyac var. Dövlətin nüfuzu və inkişafı, insan hüquq və azadlıqlarının təmin olunması, ölkədə qanunun hakimiyyətinin yaradılması ondan çox asılıdır.

Qanunla və başqa normativ aktlarla nizamlanmalı münasibətlərin dairəsinin dəqiq müəyyən edilməsi, prezident fərmanlarının yeni norma yaratmaq hədlərinin cızılması, icra hakimiyyətinin qanunvericilik prosesinə müdaxiləsinin qarşısının alınması, hakimiyyətin bölünməsi və tarazlaşdırılması və başqa məsələlərin həllinin vaxtı çoxdan çatıb.

Yazı Meydan TV-dən götürülüb.

Əvvəlki məqaləƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyət verildi
Növbəti məqaləAli təhsil haqqında qanun layihəsində hansı yeniliklər nəzərdə tutulur?