İkili vətəndaşlığın problemləri və həll yolları

Kimlər Azərbaycan Respublikası vətəndaşı hesab olunur?

Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanununun 1-ci maddəsində deyilir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələrə malik olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.”

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində doğulmuş uşaqları Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edə bilərmi?

Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanununun 12-ci maddəsində görə Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir.

Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir.

Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır.

Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığı qəbul etdikdə Azərbaycan Respublikası vətəndaşlığını itirirmi?

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsinin əvvəlki redaksiyasından fərqli olaraq yeni redaksiyada ikili vətəndaşlıqla bağlı məsələyə konkret yanaşma əks olunmuşdur. Qanunun 10-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Yəni Azərbaycan Respublikası ikili və ya çoxvətəndaşlığı tanımır.

Həmçinin xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Qanunun əvvəlki redaksiyasında qeyd olunurdu ki, “Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Lakin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa 1 may 2020-ci il tarixli dəyişiklik edilməsi ilə bu hissə qanundan çıxarılmışdır, yəni məsuliyyət nəzərdə tutulmamışdır.

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Respublikasının  Qanununa 30 may 2014-cü il tarixli dəyişikliyə görə bu qanun 10-cu maddəsinin ikinci hissəsi və 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu Qanun qüvvəyə minənədək digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir.

Bəs 2014-cü ilə qədər yaranan ikili vətəndaşlıq halları və həmin şəxslərin malik olduqarı hüquq və vəzifələrin realizəsi zamanı  yaranan problemlər necə həll olunacaq və ya necə həll olunmalıdır?

İkili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşlığı olan şəxsin hərbi xidməti ilə bağlı problemlər son zamanlar gündəmdə olan ən aktual məsələlərdəndir.

Kazus 1.

Adının açıqlanmasını istəməyən şəxs uzun illərdir xaricdə yaşayır. 2004-cü ildə 18 yaşı olarkən Azərbaycanı tərk edib. 2009-u ildə isə əcnəbi ölkənin vətəndaşlığını alıb. Amma eyni zamanda Azərbaycan vətəndaşıdır. Şəxs istirahət etmək  üçün Azərbaycana gəlmək istəyir. Lakin Azərbaycana gələrsə hərbi mükəlləfiyyətli olub-olmadığını bilmir. Bu zaman aşağıdakı suallar ortaya çıxacaq.

1.Şəxs hərbi mükəlləfiyyətlidirmi?

2.Şəxs məsuliyyətə cəlb olunacaqmı?

Əlbəttə ki, 2014-cü ilədək ikili vətəndaşlığı olan şəxslərin Azərbaycan dövlət qarşısında  müəyyən öhdəlikləri var. Konstitutsiyamızın 76-cı maddəsinə əsasən hər bir kişi vətəndaşın həqiqi hərbi xidmət keçmək öhdəliyi var. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Bu, Hərbi xidmət və hərbi vəzifə haqqında qanunun 12-ci maddəsində göstərilib.

Hərbi xidmətdən azad olunma faktı yalnız üzrlü səbəblər varsa, baş verə bilər. Üzrlü səbəb dedikdə azadlıqdan məhrum edilmiş, yaxud da sağlamlığı yerində olmayan şəxslər nəzərdə tutulur.

Həmin Qanunun 12.4-cü maddəsinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər:

Cinayət Məcəlləsinin 321-ci maddəsi şəxslər üçün həqiqi hərbi qulluğa növbəti çağırışa gəlmək kimi öhdəliklər müəyyən edir. Həmin qanun (Hərbi vəzifə və hərbi xidmət haqqında)  23 dekabr 2011-ci il tarixdən qüvvədədir. Ona görə də Cinayət Məcəlləsinin norması həmin tarixə gədər çağırışa gəlməmiş şəxslərə şamil olunacaq. Yəni vətəndaş xaricə bu tarixdən əvvəl getmişsə, o məsuliyyətə cəlb olunmayacaq. Yox əgər sonra ölkəni tərk etmişsə, Azərbaycan Respublikası Prezidentinin çağırışla bağlı müvafiq sərəncamından sonra çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına (yəni Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə) gəlməli idi. Artıq onun məsuliyyət məsələsi Cinayət Məcəlləsi ilə müəyyən olunur və işin faktiki hallarına uyğun araşdırma tələb edir. Hərbi komissarlığın çağırış vərəqinə qol çəkib-çəkməməsi əsas götürülür. Lakin nəzərə alaq ki, praktikada ata-ana da çağırış vərəqini imzalayırlar.

Kazus 1-in cavabı: Buradan aydın olur ki, vətəndaş 2009-cu ildən öncə getdiyinə görə, məsuliyyət məsələsi real görünmür.

Kazus 2.

2000-ci ildə 16 yaşı olarkən Azərbaycanı tərk edib. 2005-ci ildə isə əcnəbi ölkənin, yəni  Rusiyanın  vətəndaşlığını alıb. Amma eyni zamanda Azərbaycan vətəndaşıdır. Şəxs 2006-cı ildə Rusiyada hərbi xidmətə çağırılmışdır. Bu zaman həmin şəxsin Azərbaycan Respublikasında  hərbi mükəlləfiyyətlidir?

Qeyd olunan məsələ “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Qanunun 23-cü maddəsi Müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetmənin əsaslarını müəyyən edir.  Qanunun 23.0.5 maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər. Yəni Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkədə müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər Azərbaycanda da müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.

İki  və ya bir neçə ölkədə işləyən şəxslərin pensiya təminatı ilə bağlı qarşılaşdığı problemlər necə həll olunmalıdır?

Xarici dövlətlərdə yaşa görə pensiyalarla bağlı fərqli müddəalar nəzərdə tutulub. Əgər bir neçə Avropa ölkəsində işləmisinizsə onların hər birində toplanmış pensiya hüquqlarınız ola bilər. Bununla bağlı yaşadığınız və ya sonuncu işlədiyiniz ölkədə pensiya orqanına müraciət etməli olacaqsınız. Əgər yaşadığınız ölkədə heç vaxt işləməmisinizsə, ev sahibi ölkəniz iddianızı son işlədiyiniz ölkəyə göndərəcək. Həmin ölkə iddianıza baxılmasına və işlədiyiniz bütün ölkələrdən işinizlə bağlı bütün qeydlərini bir araya gətirməyə cavabdehdir. Bəzi ölkələrdə pensiya orqanı həmin ölkənin pensiya yaşına çatmamışdan əvvəl sizə pensiya ərizəsi formasını göndərməlidir.

Sizə lazım olacaq sənədlər bir ölkədən digərinə dəyişir, lakin siz adətən bank təfərrüatlarınızı və müəyyən formada identifikasiyanı təqdim etməlisiniz. Daha dəqiq məlumat üçün iddianıza baxan pensiya orqanı ilə əlaqə saxlamalısınız. Pensiya yaşı ilə əlaqədar müxtəlif yaş hədləri nəzərdə tutulub. Əgər başqa ölkələrdə pensiya hüquqlarınız varsa, pensiyanızın həmin hissələrini yalnız həmin ölkələrdə qanuni pensiya yaşına çatdıqdan sonra alacaqsınız. Bir pensiyanı digərindən tez alsanız, bu, aldığınız məbləğlərə təsir edə bilər.

KAZUS 1. Sonradan digər ölkələrdə fərqli pensiya yaşlarından xəbərdar olan Fransalı Karolin 15 il İrlandiyada çalışdı, sonra kariyerasının sonuna yaxın Fransaya qayıtdı. 60 yaşı tamam olanda o, Fransada  təqaüd almaq üçün müraciət etdi, ancaq çox aşağı pensiya aldı. Sual olunur Karolinin İrlandiyadakı iş stajı nəzərə alınacaqmı?

60 yaşında Karolin pensiyasının yalnız Fransa hissəsini almaq hüququna malikdir. O, 63 yaşına çatdıqda İrlandiya hissəsini alacaq. İrlandiyada 63 yaş qadınlar üçün qanuni pensiya yaşıdır.

Bəzi Avropa İttifaqı (Aİ) ölkələrində pensiya almaq hüququ əldə etmək üçün minimum müddət işləmiş olmalısınız. Belə hallarda, pensiya orqanı sizin pensiya almaq hüququnuzun olub-olmadığını qiymətləndirmək üçün digər Aİ ölkələrində işlədiyiniz bütün dövrləri, sanki bütün müddət ərzində həmin ölkədə işləmiş kimi nəzərə almalıdır (prinsip dövrlərin aqreqasiyası).

KAZUS 2 . Tom 4 il Almaniyada, 32 il Portuqaliyada işləyib. Almaniyada pensiya almaq hüququ əldə etmək üçün ən azı 5 il işləmiş olmalısınız. Tom Almaniyada cəmi 4 il işlədiyi üçün normal olaraq milli siya proqramına uyğun gəlməzdi. Almaniya qanunvericiliyinə görə Tomun pensiya almaq hüququ yaranmır, bu halda Almaniya şəxsin Portuqaliyadakı iş stajını nəzərə almalıdırmı?

Alman pensiya qurumu Tomun Portuqaliyada işlədiyi illəri nəzərə almalı idi. O, onun hüququnu tanıdı və Almaniyada işlədiyi 4 il üçün ona pensiya ödəyir.

Başqa ölkələrdə başa çatmış hər hansı müddətdən asılı olmayaraq, milli pensiya hüququna malik olmaq üçün şərtlərə cavab verirsinizsə, pensiya orqanı milli pensiyanı da hesablayacaq. Aİ ölkəsindən hansı daha yüksəkdirsə, onu alacaqsınız. İddianızla əlaqədar hər bir ölkənin qərarı xüsusi bir qeyddə açıqlanacaq .

KAZUS 3. Roza 20 il Fransada, 10 il İspaniyada işləyib. Rozanın hansı ölkə üzrə pensiya hüququ var və qadının seçim hüququ tanınırmı?

Hər iki ölkə pensiya hüququna malik olmaq üçün minimum 15 il iş stajı tətbiq edir. Hər bir ölkə Rozanın pensiyasını hesablayacaq. Fransa hakimiyyəti ikiqat hesablama aparacaq: O, Rozanın Fransada işlədiyi 20 il üçün milli pensiyasını hesablayacaq, tutaq ki, 800 avro. O, həm də nəzəri bir məbləği hesablayacaq, Roza tam 30 il Fransada işləsəydi, pensiyası olacaqdı təxmini 1500 avro. Daha sonra o, mütənasib pensiyanı müəyyən edəcək, yəni bu məbləğin Fransada işlədiyi illər üçün ödənilməli olan hissəsi: Fransada 1500×20 il/30 il cəmi=1000 avro.

Azərbaycan Respublikası Əmək pensiyaları haqqında Qanunun 1-ci maddəsində qeyd olunur ki, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

Azərbaycanda daimi yaşayan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin pensiya təminatı hüququ tanınırmı?

KAZUS 4.  Azərbaycan Respublikasıda daimi yaşayan Rusiya Federasiyasının vətəndaşı Əli 30 il zavodda işləmişdir. Həmin şəxsin pensiya təminatı hüququ tanınırmı?

Azərbaycan Respublikası Əmək Pensiyaları haqqında Qanunun 3.2-ci maddəsinə görə Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır.

Bəs xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşının pensiya təminatı necə həyata keçirilir?

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin dövlətlər arasında olan beynəlxalq sənədlər əsasında). Əmək pensiyalarının təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

İkili vətəndaşlıqla bağlı problemlər Azərbaycan Respublikasının qanunvericiyində də rast gəlinir. Azərbaycan Respublikası ikili vətəndaşlığı tanımır, lakin 2014-cü ilə qədər yaranan ikili vətəndaşlıq hallarında şəxs hansı ölkənin pensiyasını əldə etmək hüququ var?

Nicat 2014-cü ilə qədər Azərbaycan Respublikası vətəndaşlığı saxlamaqla Rusiya Federasiyası vətəndaşlığı əldə edib. Şəxsin 2021-ci ildə Azərbaycana qayıdıb və onun 65 yaşı var. Qanuna uyğun olaraq pensiya yaşı 65 yaşdır. Şəxs 45 il Rusiya Federasiyası da çalışıb, şəxsin pensiya hüququ hansı ölkə üzrə yaranacaq?

Qanunun 5-ci maddəsinə görə sığortaolunanların qanunvericiliklə onlara təyin olunmuş əmək pensiyası ilə yanaşı, qeyri-dövlət pensiyası hüququ vardır. Şəxsin hər iki ölkə üzrə pensiya almaq hüququ vardır, lakin Rusiya qanunvericiliyinə görə şəxs əmək fəaliyyəti ilə daha çox Rusiya Federasiyasıda məşğul olduğuna görə şəxsin Rusiya Federasiyasıda pensiya almaq hüququ var. Ona görə də Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən şəxsin 45 illik iş stajına uyğun olaraq ona pensiya təyin olunacaq.

Şəfəq Süleymanova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi.

 

Əvvəlki məqaləMəhkəmə qərarlarından şikayət verilməsi müddətləri
Növbəti məqaləHüquqi şəxslərin dövlət reyestri ilə bağlı qaydalara dəyişiklik edildi