Mülki hüquqda öhdəliyin verilməsinin xüsusi qaydası

Hüquqşünas
Ənnağı Hacıbəyli – hüquqçu

Bu qayda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – MM) 526-cı maddəsində nəzərdə tutulub.

Kontinental hüquqdan bəlli olan bu qayda Almaniya Mülki Qanunnaməsinin 414-cü maddəsində əksini tapsa da sonradan qanundan çıxarılıb. RF MM-in “Öhdəlikdə şəxslərin dəyişməsi” adlı 24-cü fəslinin 391-ci maddəsində bu qayda, AR-in 1964-cü məcəlləsində olduğu kimi, borcun köçürülməsi adlanır.

Bəlli olduğu kimi, öhdəliyin verilməsinin ümumi qaydaları MM-in 522-ci maddəsi ilə nizama salınır. Bu maddəyə görə, öhdəliklərin verilməsi qanun, müqavilə və məhkəmə qərarı əsasında mümkündür. Bundan başqa, MM-in 526-cı maddəsində öhdliklərin verilməsinin xüsusi qaydası müəyyən edilib. Bu qaydaya görə, başqasının əmlakını qəbul edən, əmlak sahibinin kreditorları qarşısında borcluya çevrilir, əmlak sahibinin kreditorları isə müqavilə qüvvəyə mindiyi andan əmlakı qəbul edənlərə qarşı pretenziyalar irəli sürə bilərlər.
Praktikada az tətbiq olunan bu qaydanın özəlliklərini göstərmək üçün məhkəmə təcrübəsindən konkret misalla sözümə başlamaq istəyirəm.

Xidmət müqaviləsinə əsasən hüquqçu vətəndaşın mülkiyyət hüquqlarını məhkəmələrdə, o sıradan Avropa İnsan Hüquqları Məhkəməsində (bundan sonra AİHM) və dövlət orqanlarında müdafiə edib. Müqavilənin 3-cü bəndinə əsasən iş müsbət həll olunacağı halda vətəndaş ona ödəniləcək maddi və mənəvi zərər məbləğinin 10 faizi miqdarında qonorar ödəməyi öhdəsinə götürüb. Mülkiyyət hüququnun pozuntusu ilə bağlı işə uzun illər müxtəlif məhkəmə instansiyalarında baxılıb, nəhayət, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsi ilə iddia qismən təmin edilərək 623.996 manat maddi və mənəvi ziyan ödənilməsi qət olunub. AR Ali Məhkəməsi qətnaməni qüvvədə saxlayıb. Məhkəmə qərarı icra olunmadığından AİHM-ə müraciət olunub, kommunikasiya mərhələsində vətəndaşla Azərbaycan hökuməti arasında Deklarasiya imzalanıb, hökumət məhkəmə qərarını icra etməyi, Şikayətçiyə vurulmuş mənəvi zərərə görə 1800 avro, vəkil xərci kimi 500 avro ödəməyi öhdəsinə götürüb. Hökumət öncə AİHM-nin təyin etdiyi mənəvi zərəri və vəkil xərcini, sonra isə hər dəfə təxminən 200 min manat olmaqla əsas məbləği 2018-ci il noyabrın 15-də, 2019-cu il fevralın 14-də və 2019-cu il mayın 21-də vətəndaşın bank hesabına köçürüb. Lakin vətəndaş hüquqçuya qonorar ödəməkdən imtina etdiyindən ona qarşı “pul tələbinə dair” iddia qaldırılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsi ilə iddia qismən təmin edilib, 62.399 manat 60 qəpik və 680 avro məbləğində pulun cavabdehdən tutulub iddiaçıya verilməsi qət olunub. Qərar qanuni qüvvəyə minib və icraya yönəldilib. Lakin cavabdeh vəfat etdiyindən Suraxanı Rayon İcra və Probasiya Şöbəsinin 2021-ci il 11 oktyabr tarixli qərarı ilə icra üzrə icraata xitam verilib. Qərardan məhkəmə qaydasında şikayət verilib. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası icra məmurunun qərarını ləğv edib, icra sənədi üzrə icra tədbirlərinin icra haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq davam etdirilməsini qərara alıb. Bundan sonra cavabdehin vərəsələrinə qarşı iddia qaldırmaq məqsədi ilə notariat orqanlarına və DƏDKR-ə verilmiş sorğulara cavablardan bəlli olub ki, məhkəmə qətnaməsinin icrasından yayınmaq məqsədi ilə vətəndaş kompensasiya aldıqdan sonra ( ikinci ödəniş 2019-cu il fevralın 14-də bank hesabına köçürülüb, daşınmaz əmlak isə 2019-cu ilin fevralın 25-də əldə edilib) əldə etdiyi daşınmaz əmlakı iki hissəyə bölərək bağışlama müqavilələri (2019-cu il 13 iyul və 2021-ci il 1 iyun tarixli müqavilələr) ilə oğlanlarının mülkiyyətinə keçirib.

Daşınmaz əmlakın hansı vəsait hesabına əldə edilməsindən asılı olmayaraq məhkəmə qərarına əsasən ödənilməli borc cavabdehin əmlakına yönəldilə bilərdi. Bundan başqa, məhkəmə qərarına əsasən ödənilmiş kompensasiya məbləği müqavilə və məhkəmə qərarına əsasən hüquqçunun hüququ ilə yüklü olduğundan cavabdeh bu vəsait hesabına əldə edilmiş əmlaka bu şəkildə sərəncam verə bilməzdi. Bu halda borclu müqaviləyə əsasən yüklü olan əmlakı başqa şəxsə verərkən bu əmlakla bağlı öhdəliyi də həmin şəxsə vermiş sayılır.

MM-in 526-cı maddəsinə əsasən, əmlakı özgəninkiləşdirən şəxsin kreditorları əvvəlki borclunun məsuliyyətinin davam etməsinə baxmayaraq müqavilənin bağlandığı andan özlərinin həmin vaxtadək mövcud olmuş pretenziyalarını əmlakı qəbul edənə qarşı irəli sürə bilərlər.

Kreditorların bu hüququ əmlakın nə vaxt və hansı vəsait hesabına əldə edilməsindən asılı olmayaraq mövcud olur. “Əvvəlki borclunun məsuliyyətinin davam etməsinə baxmayaraq” o deməkdir ki, hətta cavabdeh sağ olsaydı belə iddiaçı onun əmlakını qəbul etmiş şəxslərə qarşı bu iddianı irəli sürə bilərdi.

Məhkəmə prosesinin gedişində cavabdehlərin (vərəsələrin) vəkili iddiaya şifahi etirazında bildirib ki, “MM-in 526-cı maddəsi MM-in “Öhdəliklərin verilməsi” fəslində yerləşir və bu mübahisə ilə bağlı hansısa öhdəliyin verilməsindən söhbət gedə bilməz”. Bu təfsir yanlışdır və öhdəliklərin verilməsi, öhdəliyi qəbul etmiş şəxsin məsuliyyəti və bu məsələləri nizama salan normaların mahiyyətinə ziddir.

MM-n 14-cü maddəsinə əsasən, mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də müqavilələrdir. Müqavilə bağlamış şəxs öz üzərinə öhdəlik qəbul edir (MM, m. 385, 386). Hüquqçu ilə vətəndaş arasında bağlanmış 2009-cu il 18 sentyabr tarixli Müqaviləyə əsasən, vətəndaş öhdəlik götürüb ki, alacağı kompensasiyanın 10 faizini qonorar kimi ödəyəcək. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə bu öhdəlik bir daha tanınıb. Məhkəmə qərarının icrası prosesində bəlli olub ki, vətəndaş məhz öhdəliyin icrasından yayınmaq məqsədi ilə icra ərəfəsində öz adına olan daşınmaz əmlaklarını övladlarına bağışlayıb. Bağışlama müqaviləsi üzrə əmlakı qəbul edən şəxslər MM-in 526-cı maddəsinə əsasən bu halda hüquqçu (kreditor) qarşısında əvvəlki mülkiyyətçiyə olan tələb həcmində (62.399 manat və 680 avro məbləğində) məsuliyyət daşıyırlar, çünki onların qəbul etdiyi əmlakların dəyəri bu məbləğdən çoxdur (əmlaklar şəhərin mərkəzində, daşınmaz əmlakın ən baha qiymətləndirildiyi ərazidə yerləşir). 526-cı maddənin sonuncu cümləsinə əsasən, əmlakı qəbul edənlərlə (vərəsələr) əvvəlki borclu (vətəndaş) arasında əmlakı qəbul edənlərin məsuliyyətini istisna edən razılaşma ola bilməz, olarsa, belə razılaşma etibarsızdır (puç əqddir) və MM-in 337.3-cü maddəsinə əsasən heç bir hüqiqi nəticə doğura bilməz.
Məhkəmə iddianın taleyinin həll edilməsi üçün əsas maddi hüquq norması olan MM-in 526-cı maddəsinin tətbiq edilməli olmaması qənaətinə gəlib. Qətnamədə bu onunla əsaslandırılıb ki, “qeyd edilən norma MM-in öhdəliklərin verilməsi ilə bağlı olan məsələləri tənzimləyən fəsilə daxil edilmiş və yalnız onunla bağlı münasibətləri tənzimləyən norma olmaqla bu mübahisəyə tətbiq edilə bilməz”.

Məhkəmənin bu qənaəti yanlışdır və qanunun düzgün təfsir edilməməsinin nəticəsidir:

a) bu mübahisə ona görə 526-cı maddə ilə tənzimlənməlidir ki, burada məhz öhdəliyin verilməsindən söhbət gedir. Borclu müqaviləyə və məhkəmə qərarına əsasən icra etməli olduğu öhdəliyi yüklü əmlak vasitəsilə cavabdehlərə ötürdüyündən bağışlama müqaviləsi ilə öhdəliyi qəbul etmiş şəxslər məhz bu qaydada məsuliyyət daşıyırlar.

b) 526-cı maddədə müəyyən edilmiş öhdəliklərin verilməsinin xüsusi qaydasının mahiyyəti odur ki, başqasının əmlakını qəbul edən, əmlak sahibinin kreditorları qarşısında borcluya çevrilir, əmlak sahibinin kreditorları isə müqavilə qüvvəyə mindiyi andan əmlakı qəbul edənlərə qarşı pretenziyalar irəli sürə bilərlər.

Bu mübahisənin həlli ilə bağlı tətbiq edilməli daha bir maddi hüquq norması MM-in 1091-1092-ci maddələridir. Məhkəmə bu maddələri tətbiq etməməsini onunla əsaslandırıb ki, “bu halda hər hansı əsassız varlanma halı baş verməyib”.

Üçüncü şəxsin hüququ ilə yüklü olan pul vəsaiti hesabına əldə edilən və ya icra qaydasında tələb yönəldilməli olan əmlakı cavabdehlər kreditorun borcluya olan tələbi həddində əsassız əldə ediblər və belə əmlak hüquq sahibinə qaytarılmalı və ya onun dəyəri məbləğində pul vəsaiti ona ödənilməlidir.

Məhkəmə isə ümumiyyətlə bu normaları nəyə görə tətbiq etmədiyini heç nə ilə əsaslandırmayıb, sadəcə “məhkəmə bu əsaslarla iddianın təmin olunması üçün əsaslar görmür” yazmaqla yetərlənib.

Təəssüf ki, apellyasiya mərhələsində mübahisə qarşılıqlı güzəştlər və razılaşma yolu ilə həll edildiyindən işə apellyasiya və kassasiya qaydasında baxılmayıb və yuxarı instansiya məhkəmələrinin mövqeyi ortaya qoyulmayıb. Hər bir halda işin maraqlı olduğunu nəzərə alaraq onu hüquqçuların diqqətinə çatdırmağı gərəkli saydım.

Yazı müəllifin facebook səhifəsindən götürülüb.