
Bu barədə dəfələlərlə yazmışam. Mövzuya qayıdış bir neçə amillə bağlıdır.
Birinci, heç nə dəyişmir.
İkinci, bütün mədəni dünyada qanunun dili onun dəqiq icrasının qarantiyalarından sayılır. Avropada deyirlər ki, qanun xalq üçün yazılır və onun başa düşəcəyi dildə yazılmalıdır. Üstəlik, belə bir tələb də var ki, qanun orta məmurun anlayacağı dildə yazılmalıdır.
Üçüncü, 2010-cu ilin dekabrında “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu qəbul edilib və yeni problemlər ortaya çıxıb.
Qanunun 53-cü maddəsi “Normativ hüquqi aktın mətninə dair irəli sürülən linqvistik tələblər” adlanır. Orada deyilir: “Normativ hüquqi aktın mətni lakonik formada, normaların ziddiyyətli təfsirini istisna edən sadə və aydın dildə, Azərbaycan ədəbi dilinin və hüquq terminologiyasının rəsmi işgüzar üslubuna əməl etməklə tərtib edilir”.
Yeri gəlmişkən, maddə “Normativ hüquqi aktın mətninə linqvistik tələblər” adlandırılsaydı, qanunverici bu tələblərə daha dəqiq əməl edə bilərdi.
Bu qanundan daha bir misal.
84.4-cü maddəyə əsasən “… hər bir normativ hüquqi akt üçün rəsmi dərc edilmə mənbəyi və … hüquqi məlumat üçün lisenziyanın verilmə nömrəsi və tarixi hökmən (seçdirmələr mənimdir – müəllif) göstərilir”.
Görünür, qanunların icra edilməməsinə alışmış qanunverici durumu hökmlə düzəltməyə çalışır. Əslində normal halda sadəcə “göstərilməlidir” yazılması yetərlidir.
Mülki Prosessual Məcəllənin (MPM) 153.1-ci maddəsi də məhkəmə hakimiyyətini bu yolla qanunları icra etdirməyə çalışır: “Məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir”.
Mülki Məcəllənin 11.2, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.4-cü maddəsində deyilir: “Analogiya tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır”.
Bu cümlə belə yazılmalı idi: “Hüququn analogiyası tətbiq edilərkən əxlaq normaları da nəzərə alınır”. Bir də ona görə ki, hüququ tətbiq edən orqanların, o sıradan məhkəmələrin ədalətli olması “ədalət”in sinonimlərinin sayından asılı deyil.
Konstitusiyanın 34-cü maddəsi: “Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz”. Bu mötərizəyə və onun içindəkilərə nə ehtiyac var idi. Evlənmək qadına aid edilə bilməzmi?
Təəssüf ki, qanunların dili bərbad durumdadır, normativ hüquq aktının mətni lakonik formada tərtib olunmur, uzun-uzadı, heç bir nizamlama dəyəri olmayan mənasız cümlələr baş alıb gedir, maddələr “normaların ziddiyyətli təfsirini istisna edən sadə və aydın dildə” yazılmır, Azərbaycan ədəbi dilinin qanunlarına əməl edilməməsi nəticəsində hüquq terminologiyasının hamılıqla qəbul edilmiş rəsmi işgüzar üslubu yoxdur.
Hər ölkədən bir qanunun köçürülməsi, özü də mənasız, avtoritar əlavələrlə qəbul edilməsi onunla sonuclanır ki, qanunvericiliyin stili, o sıradan linqvistik stili çeşidli qanunlarda fərqli olur. Qədim Roma hüququndan başlamış alman, fransız, ingilis, rus və s. qanunvericilərin stilini Azərbaycan qanunvericiliyində tapmaq olar. Məsələn, Mülki Məcəllənin (MM) 16.1-ci maddəsində deyilir: “Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formada sui-istifadə edilməsinə yol verilmir”.
MM-in 36.1-ci maddəsində də qanunverici “yalnız və yalnız” təkidi ilə qəyyumu yetimin malını yeməməyə məcbur etməyə çalışır.
“Napoleon məcəlləsi”nin stilini xatırladan bu cümlələrin müəllifləri deyəsən XXI əsrin azərbaycanlıları olduqlarının fərqində deyillər. Belə çıxır ki, hüquqdan aşırı yararlanmanın kriteriyası “yalnız” sözünün sayıdır. Bu boşboğazlığı hüquqdan aşırı yararlanmanı da aşan sözlərə qurban vermək daha faydalı olardı.
MM-də VII bölmə “Müqavilələrdən əmələ gələn öhdəliklər” adlanır. Onu “Müqavilə öhdəlikləri” adlandırmaq olmazdımı?
Cinayət Məcəlləsində yüz ildir ki, “Şəxsiyyət əleyhinə olan cinayətlər” yazırlar. “Şəxsiyyətə qarşı cinayətlər” yazsaq, görəsən şəxsiyyət və dil bundan nə itirərdi?
Mülki Məcəllədən örnəklər: eyni hadisəni ifadə etmək üçün qanunverici çeşidli söz və terminlərdən yararlanır. Etiraz – protest – şikayət, məxsus – mənsub, məsrəflər – xərclər – itkilər, bəxşiş – mükafat – bağışlama, peşman (peşiman) haqqı – kompensasiya – əvəz, məsuliyyətin ölçüsü – həcmi – dərəcəsi, ixtiyarlı şəxs – səlahiyyətli şəxs və s. Bəzən çeşidli hüquq hadisələrini ifadə edən bu söz və terminlərdən yararlanmadakı anarxiya adamda qanun müəlliflərinin bu terminlərin mənasını ayırd edə bilmədiyi qənaəti yaradır. Nəticədə qanunun tətbiqində çətinliklər yaranır, qanunu hərə bir cür yozur.
Başqa qanunlarda identikləşdirmə – eyniləşdirmə, prosessual birgə iştirakçılıq – həmiştirakçılıq, hörmətli hakim – möhtərəm hakim, nikah müqaviləsi – nikah kontraktı, qəyyumluq və himayəçilik – qəyyumluq və himayə və s. alabəzəklə qarşılaşırsan.
Başqasının əmlakının idarə edilməsi barədə müqavilə MM-in 37.1-ci maddəsində “əmlakın etibarnamə ilə idarə edilməsinə dair müqavilə”, 40.4-cü maddəsində “etibarnamə ilə idarəetmə müqaviləsi”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22-ci maddəsində “etibarlı idarəetmə müqaviləsi” və s. adlanır.
MPM-in 107-ci maddəsi “Məhkəmə xərcləri”, İPM-in 108-ci maddəsi “Prosessual xərclər”, CPM-in 197-ci maddəsi “Məhkəmə məsrəfləri” adlanır. Bu, yəqin ki, cinayət işlərinin adamlara daha çox məsrəflərlə başa gəlməsi ilə bağlıdır.
MPM-in 51-ci maddəsində, ondan da qabaqlardan qanunvericilikdə və hüquq nəzəriyyəsində “prosessual birgə iştirakçılıq” dediyimiz termin İPM-in 30-cu maddəsində “Prosessual həmiştirakçılıq” adlandırılır.
MPM-in 88-ci maddəsi məhkəməyə tapşırır ki, “sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına uyğun” qiymət versin. Cinayət-Prosessual Məcəlləsinin (CPM) 145.2-ci maddəsi isə təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılara tapşırır ki, “qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirsin”.
Bilməyənlər bilsin ki, qanun və hüquq normaları fərqli anlayışlardır.
İkinci, qanunverici nəyə əsasən cinayət işinə baxan hakimin vicdanına güvənir, mülki işə baxan hakimin vicdanına isə etibar etmir? Üstəlik, birinci instansiya məhkəmələri hakimlərinin əksəriyyəti həm cinayət, hən də mülki işlərə baxırlar. Görünür, onlar ancaq cinayət işlərinə baxan gün vicdanlarını özləri ilə götürməlidirlər…
Daha bir mənasız ifadə: “hüquqi qanunlar”. Bunu çoxları işlədir. “Lufthansa” uçağında verilən elanda da buna rast gəlmişəm: “Hüquqi qanunlara uyğun olaraq…” Çox düşünəndən sonra belə qərara gəldim ki, bunun iki mənası ola bilər: ya bu o deməkdi ki, almanlarda ancaq dövlətin verdiyi qanunlar işləyir, ya da ki, onların hava limanlarında Cahahgir müəllimin qanunları işləmir.
Əmək Məcəlləsinin 199-cu maddəsində işlədilən “böhtanlı və təhqirli iftiralar” ifadəsini hansı millətin nümayəndəsinin kəşf etdiyi maraqlıdır. Böhtan elə iftiradır, təhqirin iftira ilə əlaqəsi isə ayrıca tədqiqat mövzusudur.
Azərbaycan dilinin izahlı lüğətində kiçik bir araşdırma: böhtan – iftira, şər deməkdir. İftiranın isə böhtan, şər kimi cinonimləri var.
Bütün qanunlar “müvafiq icra hakimiyyəti orqanı” sözlərindən boğulur. Heç olmasa bu mənasız “müvafiq” sözünü atmaqla ona bir balaca nəfəs vermək olmazmı?
Ailə Məcəlləsinin 166.4-cü maddəsi “müvafiq icra hakimiyyəti orqanı”nı elə labirintə salıb ki, heç Prezident Administrasiyasında da ordan çıxa bilməyiblər: “Doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanına dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanı,habelə üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün bu Məcəllənin 167-ci maddəsində nəzərdə tutulmuş müddətdə müraciət olunmamasına görə uşağın valideynləri (yaxşı ki, “müvafiq valideynlər” yazmayıblar – Ə.H) qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar”. Bu maddə ilə bağlı Prezident Fərmanından bəlli olur ki, birinci və üçüncü halda Səhiyyə Nazirliyi nəzərdə tutulur. Labirintdən çıxış yolu kimi əlavə edim ki, ikinci hala Ədliyyə Nazirliyi “müvafiqdir”.
Ağlım kəsmir ki, nə vaxtsa doğum evləri Ədliyyə Nazirliyinin, qeydiyyat şöbələri isə Səhiyyə Nazirliyinin tabeçiliyinə verilsin. Onda bu əllaməliyin mənası nədir?
Ailə Məcəlləsinin 72.1-ci maddəsi: “Uşağın sağlamlığı və ya həyatı birbaşa təhlükədə olduqda, müvafiq icra hakimiyyəti orqanı uşağı valideynlərdən (onlardan birindən) və ya onu qəyyumluğa (himayəyə) götürmüş şəxslərdən təcili olaraq almaq hüququna malikdir. Müvafiq icra hakimiyyəti orqanı bunu müvafiq akt əsasında həyata keçirir”.
Görəsən, “müvafiq akt” ifadəsində bu “müvafiq” sözünün məna yükü nədir? O, aktla bağlı hansı informasiyanı verir?
Qanunvericilikdə çox tez-tez təkrar olunan ifadə tərzi: “Əgər qanunda başqa qayda nəzərdə tutulmayıbsa…” Bunu şirin və konkret türkcəmizdə yazaq: “Qanunda başqa qayda yoxdursa…”
Türkcəmizdə heç bir dəyəri olmayan “tərəfindən”, “əgər”, “həmçinin”, “habelə”, “malikdir” və s. yad sözlər qanunvericiliyi alaq otları kimi basıb. Bu qanunları qəbul edən deputatlar işin şıdırığı vaxtında talvarda yatan tüfeyli kəndçini xatırladır.
Hesablamışam, yaxşı redaktə olunsa, MM-in azı 1/4 hissəsini kəsib atmaq olar. Məcəllə bundan nəinki zərər çəkər, tərsinə, qanun daha asan anlaşılar və düzgün tətbiq edilər.
Bu qanunları linqvistik ekspertizadan keçirən dilçilər ya bu xalqın dilini bilmirlər, ya da onların keçirdiyi ekspertiza sadəcə “xalturadır”. Görünür, plagiat qanunvericilik başqa nəticə verməyə qadir deyil.
Dili də qanunvericilik qədər bilən dilçiyə tapşırılan linqvistik ekspertiza ancaq zay məhsul istehsal edə bilər. Məsələn, belə: “Məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür”.
Görəsən, bu “valideyn ölçüsü”nün məsuliyyətlə əlaqəsi varmı? Varsa, o, məsuliyyətin hansı növü ilə “ölçülür”?!
Məntiqsizlik absurd doğurur.
“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 11.2.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxslərin siyahıyaalınma tarixindən sonrakı 6 ayadək olan müddətdə doğulmuş uşaqları alınmanın təsirinə məruz qalmış şəxs sayılır.
Nəyə görə məhz 6 ay? Başqa qanunlarda belə hallarda adətən ya 300 gün, ya da bir illik müddət qoyulur. Belə çıxır ki, qanunverici kompensasiya almaq hüququ (daha doğrusu, illüziyası – Ə.H.) olan şəxslərin dairəsini maksimum daraltmağa çalışır. Üstəlik, altıaylıq uşaqların hüquqlarını qoruyan qanunun nəyə görə normal doğulmuş uşaqları belə müdafiədən məhrum etməsinin səbəbləri aydın olmur.
Bu qanunda daha bir “yenilik” var: “həqiqi gəlirə dəyən və ya dəyə biləcək zərər”. Biz qanunvericilikdə “real zərər” və “əldən çıxmış fayda” terminlərinə adət etmişik. “Həqiqi gəlirə dəyən və ya dəyə biləcək zərər” bu terminlərdən nə ilə fərqlənir? Ümumiyyətlə, fərqlənirmi? Yeni terminlər icad etməklə qanunun tətbiqində çətinlik yaratmağa, adamları mənasız şeylər üstündə baş sındırmağa məcbur etməyə nə ehtiyac var?
Hüquqçuların dilini qanunvericiliyin dili formalaşdırır, tərbiyə edir. Hüquq ədəbiyyatını, gənc hüquqçu-alimlərin jurnallardakı yazılarını, kitablarını oxuyanda, məhkəmələrdə vəkillərə qulaq asanda dəhşətə gəlirəm. Bu qanunlardan hüquq dili öyrənən gənc hüquqçu-alimin belə yazması təbiidir: “İlk öncə Avropa Məhkəməsinin presedent hüququna baxanda görürük ki…”
Dilimiz gözəl, şirin, zəngin və əzəmətlidir. Qanunları onun savadsız, təhrif olunmuş ifadə tərzi ilə korlamaq yox, onun gözəlliyi, zənginliyi ilə şərəfləndirmək gərəkdir. Təkcə hüquq baxımından deyil, həm də dil baxımından kasıb qanunla zəngin (həm maddi, həm də mənəvi baxımdan) cəmiyyət yetirmək mümkün deyil.
Yazı Ənnağı Hacıbəylinin facebook səhifəsindən götürülüb.