Prezident İlham Əliyev “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.
APA-nın xəbərinə görə, Fərmanla Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.
Fərmanla müəyyən edilib ki, Cəmiyyət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.
Fərmana əsasən, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçib.
Nazirlər Kabinetinə Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərin (lizinq alanların və lizinq obyektlərinin siyahısı, habelə lizinq ödənişləri üzrə borcların məbləği müəyyənləşdirilməklə) altı ay müddətində Agentliyə ötürülməsi üçün tədbirlər görmək, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində kənar auditorun və aidiyyəti dövlət orqanlarının (qurumlarının) apardığı yoxlamaların nəticələri nəzərə alınmaqla, mövcud qalıq portfelinin bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərinin ötürülməsi zamanı Agentliyin hesabında nəzərə alınmasını və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Fərmana görə, Kənd Təsərrüfatı Nazirliyi Cəmiyyətin yeni nizamnaməsini üç ay müddətində təsdiq etməli, Cəmiyyətin və Agentliyin sərəncamındakı əmlakın kənar auditor təşkilatı cəlb edilməklə qiymətləndirilməsini təşkil etməli və qiymətləndirmənin nəticəsinə əsasən, onların yeni balansı barədə məlumatı İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.
Eyni zamanda, mövcud qalıq portfelinin və qüvvədə olan lizinq müqavilələri üzrə əmlakın idarə edilməsini, lizinq ödənişləri üzrə borcların yığılmasını və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.u