Bu avtomobillərlə bağlı aksiz vergi artırılır

Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, dəyişikliklə iri mühərrikli nəqliyyat vasitələrinə görə aksiz vergisinin məbləğinin artırılması təklif edilir.

Dəyişikliklərə əsasən, mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda 5 600 manat + mühərrikin həcminin 3 001-4 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 15 manat (əvvəl 13 manat idi) ödəniləcək. Burada 4 000 kubsantimetrədək olduqda 5 600 manat məbləği dəyişməz olaraq qalır.

Mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda 20 600 manat + mühərrikin həcminin 4 001-5 000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 40 manat (hazırda 18 600 manat + hər kubsantimetrə görə 35 manatdır) ödəniləcək.

Mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 60 600 manat + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 80 manat ( hazırda bu məbləğ 53 600 manat + hər kubsantimetrə görə 70 manatdır) ödəniləcək.

Bununla yanaşı, 7 ildən artıq istehsal tarixi olan və idxal edilən nəqliyyat vasitələrinin aksiz vergisinə əlavə əmsal tətbiq olunacaq. Layihəyə əsasən, yeni hibrid mühərrikli nəqliyyat vasitələri idxalda ƏDV-dən azad olunacaq. Elektromobillər isə həm idxalda, həm də daxili bazarda satışda ƏDV-yə cəlb edilməyəcək.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Əvvəlki məqaləTibbi xidmətlərə görə ödənilən ƏDV geri alınacaq
Növbəti məqaləHibrid avtomobillər vergidən azad edilir