Ali təhsilin akkreditasiya meyarları və indikatorları hazırlanıb

Ali təhsil sahəsində akkreditasiyanın beynəlxalq rəqabət qabiliyyətli aparılması üçün akkreditasiya meyarları və indikatorları hazırlanıb.

APA-nın məlumatına görə, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Orucov bildirib.

Onun sözlərinə görə, bununla bağlı təklifin yaxın vaxtlarda Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə qəbul olunması gözlənilir: “Artıq akkreditasiya proseslərini yeni formatda, ölçülə bilən meyarlarla həyata keçirə biləcəyik”.

E. Orucov deyib ki, rəqəmsal ölçülə bilən akkreditasiya meyarları hazırlanıb: “Bu, ali təhsil müəssisələrinə göndərildikdən sonra universitetlər o meyarlara əsasən keyfiyyət təminatının tənzimlənməsi üçün özlərini qiymətləndirmə hesabatları hazırlayacaqlar. Bu, ölçülə bilən olacaq və daxili keyfiyyət təminatı prosesinə cavabdeh ali təhsil müəssisələrinin struktur bölmələrinin verdiyi hesabatlar əsasında müstəqil ekspertlər eyni kriteriyalar üzrə kənar yoxlama, yəni xarici keyfiyyət təminatı haqqında əminlik yaradacaqlar”.

İdarə Heyətinin sədri deyib ki, bu proses bitdikdən sonra qəbul olunan yoxlama aktları Akkreditasiya Şurasına təqdim olunacaq: “Həmin şöbə təhsil müəssisəsi haqqında növbəti fəaliyyət dövrü üçün qərarlar qəbul edəcək”.

Əvvəlki məqaləAzərbaycanda xarici diplomların tanınması qaydaları dəyişdirilir
Növbəti məqaləBəzi xarici diplomların tanınmasından imtinanın səbəbi açıqlanıb