Tikinti obyektinin istismarına icazə verilməsi qaydası təkmilləşdirilir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Şəhərsalma və Tikinti Məcəlləsinə yeni – 102.4-3-cü maddənin əlavə edilməsi təklif olunur. Təklif olunan redaksiya Məcəllənin qüvvədə olan redaksiyasının 102.4-2-ci maddəsinin natamam olduğundan irəli gəlir və təkmilləşdirmə xarakteri daşıyır. 102.4-2-ci maddəyə əsasən, sifarişçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra tikinti obyektinin istismarına icazə 2 iş günündən gec olmayaraq sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən icazə ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir
Təklif edilən 102.4-3-cü maddəyə əsasən, göstərilən əsasla icazə ləğv edildikdən sonra sifarişçi tikinti obyektinin istismarına icazə verilməsi üçün təkrar müraciət edə bilər. Təkrar müraciətə yalnız dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd əlavə ediləcək. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum müraciət daxil olduğu gündən 2 iş günündən gec olmayaraq tikinti obyektinin istismarına icazəni sifarişçiyə təqdim edəcək və ya sifarişli poçt göndərişi vasitəsilə göndərəcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.