Yeni baş nazir Novruz Məmmədov oldu

Aprelin 21-də Milli Məclis Novruz Məmmədovun namizədliyinin müzakirəsinə başladıqdan 20 dəqiqə sonra onu baş nazir vəzifəsinə təsdiq edib.

Parlamentarilər qarşısında çıxış edən N. Məmmədov bildirib ki, daha çox işləyəcək. “Biz birlikdə daha böyük əminliklə bu dövlətə xidmət edəcəyik. Biz daha böyük əminliklə ümummili lider Heydər Əliyevin başladığı yoldan gedəcəyik”, deyə Məmmədov söz verib.

Qeyd edək ki, İlham Əliyev baş nazir vəzifəsinə Novruz Məmmədovu təklif edib və Milli Məclis prezident İlham Əliyevin təqdimatı əsasında Novruz Məmmədovun baş nazir vəzifəsinə namizədliyini müzakirə etməyə başlayıb və o, baş nazir vəsifəsinə təsdiqlənib.

Buna qədər dövlət başçısının xarici siyasət məsələləri üzrə köməkçisi vəzifəsində işləyən Məmmədov 15 mart 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şıxmahmud kəndində anadan olub.

1970-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun fransız dili bölməsini bitirib.

Əlcəzairdə (1967-68-ci illər və 1978-81-ci illər) və Qvineyada (1971-73-cü illər) tərcüməçi olaraq işləyib.

O, həmçinin sözügedən ali məktəbdə pedaqoji fəaliyyət göstərib, 1992-93-cü illərdə Fransız dili fakultəsinin dekanı olub.

1997-ci ildə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəisi təyin edilib.

1 iyun 2017-ci il tarixindən etibarən Məmmədov eyni zamanda prezidentin xarici əlaqələr üzrə köməkçisi təyin edilib.

Son illər Məmmədov müntəzəm olaraq Qərbin ünvanına tənqid və başqa dövlətlərin daxili işlərinə müdaxilə etmək ittihamları ilə çıxış edib.

Turan