İşlər hakimlər arasında yeni qaydada bölüşdürüləcək

Azərbaycan məhkəmələrində işlər hakimlər arasında təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürüləcək.

ONA-nın xəbərinə görə, bu, Azərbaycan Prezidenti İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” bu gün imzaladığı fərmanda nəzərdə tutulur.

Fərmanda Məhkəmə-Hüquq Şurasına bir sıra tövsiyələr edilib. Onlar aşağıdakılardır:
– hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün qaynar xətt yaratsın;

– hakimlərin və məhkəmə sədrlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi prosedurlarında şəffaflığı daha da artırsın, bu sahədə tətbiq edilən meyarları təkmilləşdirsin;

– hüquq pozuntularına və Hakimlərin Etik Davranış Kodeksinin pozulması hallarına yol verən hakimlərin intizam məsuliyyətinin labüdlüyünü təmin etsin;

– ədalət mühakiməsinin həyata keçirilməsində aşkarlığın və qərəzsizliyin daha dolğun şəkildə təmin edilməsi məqsədilə aşağıdakı sahələrdə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə məhkəmələrin riayət etməsinin mütəmadi monitorinqini aparsın:

– məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi;

– qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi.