USAID yerli icmalarla layihələr həyata keçirir

Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı Missiya Direktoru Caydev Sinqx Xudat və Qusar sakinləri ilə birgə USAID-in maliyyələşdirdiyi Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində icra edilmiş iki icma layihəsinin açılışında iştirak edib.

Xaçmaz rayonunun Fidanlar kəndində (Xudat qəsəbəsi yaxınlığında) yerli sakinlərin hakimiyyət nümayəndələri ilə birlikdə uşaq bağçasını təmir etməsinə yardım göstərilib. Burada 55 uşağın isti, təhlükəsiz və sağlam mühitdə yetişdirilməsi üçün şərait yaradılıb.

Qusar rayonunun Çiləgir kəndində beton su anbarının tikintisi və 770 metrlik polietilen boru kəmərinin çəkilməsi layihəsi həyata keçirilib. Yeni suvarma sistemi 280 ailənin təsərrüfatının su təminatını yaxşılaşdırmağa imkan verəcək.

“Bu layihələr icmaları yaxşılaşdırmaq üçün vətəndaşlarla yerli hökumətin bir araya gələrək nəyə nail ola biləcəklərinin nümanəsidir. Yerli həyat səviyyəsini yaxşılaşdıran bu kimi icma təşəbbüslərinə dəstək göstərmək üçün İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq etməkdən şərəf duyuruq”, deyə USAID-in missiya direktoru Caydev Sinqx qeyd edib.

SEDA proqramları Şərq-Qərb İdarəçilik İnstitutu tərəfindən İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq edilməklə həyata keçirilir. 2011-ci ildən 160 layihə icra edilib. Onların həyata keçirilməsi 300 min nəfərin həyat şəraitinin yaxşılaşdırılmasına şərait yaradıb.

Bu layihələr yerli iqtisadiyyata dəstək, tibb məntəqələrinin, yolların, su təchizatı və suvarma sistemlərinin, habelə məktəb binalarının təmiri ilə bağlı olub.

Turan İnformasiya Agentliyi