Prezident Administrasiyasının elektron qaydada məlumat almaq imkanları genişləndirildi

Prezident İlham Əliyev “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” fərman imzalayıb.

APA-nın məlumatına görə, fərmana əsasən, Prezident Administrasiyasının “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemidən hansı informasiyaları ala biləcəyi müəyyənləşib.

Beləliklə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası sistemdən vətəndaşların müraciətlərinə baxılması, şəxslərin qəbulunun təşkili, əfvetmə, təltif, işçilərin şəxsi işlərinin elektron qaydada aparılması məqsədilə Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqələri, ölkəyə gələn şəxslərin pasportları və digər sərhədkeçmə sənədləri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədlər, o cümlədən qaçqın vəsiqəsi və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslər üzrə məlumatları ala biləcək.