İşaxtaran və işsiz şəxlər üçün peşə kursları

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə onlar üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kursları təşkil edilir.  İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydasında peşə hazırlığının dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsi, peşə hazırlığını həyata keçirən müəssisələrin müsabiqə yolu ilə seçilməsi mexanizmi öz əksini tapıb.

Əgər siz işsizsinizsə və iş axtarırsınızsa, lazımi peşə və ya ixtisasınız olmadığına görə münasib iş tapa bilmirisinizsə, yaxud əvvəlki peşə üzrə işləmək qabiliyyətinizi itirmisinizsə peşə kurslarına qoşula bilərsiniz.

Bəs peşə hazırlığı nədir?

İşaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa (peşəyə) və ya yeni ixtisasa (peşəyə) yiyələnmək üçün yenidən hazırlıq, ixtisasartırma istiqamətlərində təhsil almasıdır.

Peşə kursları kimlər üçündür?

Peşə kursları işaxtaranişsiz şəxslər üçün təşkil edilir.

Peşə kurslarının təşkili zamanı kimlərə üstünlük verilir?

  • 3 ildən artıq işləməyənlər;
  • peşəsi (ixtisası) olmayanlar;
  • şəhid ailəsinin üzvləri.

Qeyd edək ki, peşə kursları ödənişli və ya ödənişsiz qaydada təşkil olunur.

Peşə kursları hansı hallarda ödənişsiz əsaslarla təşkil edilir?      

Peşə kursları işsiz şəxslər üçün ödənişsiz əsaslarla təşkil edilir. Həmçinin il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin peşə hazırlığı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən ödənişsiz təşkil olunur.

Peşə kursları hansı hallarda ödənişli əsaslarla təşkil edilir?

Peşə kursları işaxtaran şəxslər üçün ödənişli əsaslarla təşkil edilir.

Peşə hazırlığına cəlb olunmuş işsiz şəxslər üçün müvafiq təqaüd məbləği nəzərdə tutulub. Bu məqsədlə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarının və ya Mərkəzin vasitəçiliyi ilə təhsil müəssisəsi və işaxtaran arasında müvafiq müqavilə imzalanır.

Bəs təqaüdün məbləği nə qədərdir?

Peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə təhsil aldıqları dövrdə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 29.1-ci maddəsinə uyğun olaraq minimum aylıq əmək haqqı məbləğində təqaüd ödənilir. Hazırda minimum aylıq əmək haqqının məbləği 250 manat təşkil edir. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən 2022-ci ildə bu məbləğin 300 manat məbləğə artırılacağı nəzərdə tutulur.

İştirakçılara təqaüd hansı formada ödənilir?

Peşə hazırlığı dövründə müəyyən edilmiş məbləğdə təqaüd Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə hazırlığına cəlb olunan işsiz şəxsin bank hesabına köçürülür.

Peşə hazırlığına cəlb olunan aşağıdakı şəxslərə təqaüd ödənilmir:

  • İl ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olan işaxtaran şəxslərə.
  • İşsizlikdən sığorta ödənişi aldığı dövrdə peşə hazırlığına cəlb olunanlara.

İşsiz şəxsə təqaüdün ödənişi nə vaxt verilir?

Peşə hazırlığına cəlb olunan işsiz şəxsə təqaüdün ödənişi tədris prosesi başladıqdan sonra növbəti ayın 5-dən gec olmamaqla ödənilir.

Hansı hallarda peşə hazırlığına cəlb olunmuş işsiz şəxsə verilən təqaüd dayandırılır?

  • İşsiz kimi qeydiyyatı ləğv edildikdə;
  • İşsiz kimi qeydiyyatdan müvəqqəti çıxarıldıqda;
  • Təhsil müəssisəsindən xaric olduqda.

Peşə kursları haqqında bilməli olduğumuz digər qaydalar:

  • Dövlət Məşğulluq Agentliyinin təklifi ilə bir şəhər və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə peşə kurslarına göndərilməsi ilə əlaqədar şəxsin çəkdiyi xərc (taksi xərcləri istisna olmaqla) kompensasiya edilir.
  • Hal-hazırda 4 regional peşə tədris mərkəzi vardır. (Bakı, Göyçay, Naxçıvan və Gəncə)
  • Peşə kurslarında təhsil müddəti 6 (altı) aya qədərdir.
  • Peşə hazırlığını başa çatdırmış və ixtisas imtahanını uğurla vermiş iştirakçılara təhsil haqqında dövlət sənədi, yəni sertifikat təqdim olunur.
  • Kursu uğurla bitirən şəxslər Dövlət Məşğulluq Agentliyində işlə təmin oluna bilərlər.

Bəs Peşə hazırlığı kursları harada təşkil edilir?

  • Peşə hazırlığı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təhsil müəssisələrində;
  • Dövlət təhsil müəssisələrində;
  • “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq xidmətlərin satınalması yolu ilə özəl peşə təhsil müəssisələrində təşkil edilir.

Son olaraq bildirək  ki, peşə kursları üçün şərtlərə uyğun olan və qoşulmaq istəyən şəxslər Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarının, yaxud DOST Mərkəzlərinin inzibati binalarına yaxınlaşa, eyni zamanda Dövlət Məşğulluq Agentliyinın saytı vasitəsi ilə elektron müraciət də edə bilər.

Hazırladı: Aynur Bağırova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi 

Oxunub: 1140

Əvvəlki məqaləHərbçilərin maaşlarına 20 faiz məbləğində əlavə müəyyən edildi
Növbəti məqaləMilli Məclisin sabahkı iclasının gündəliyinə dəyişiklik edildi