“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi etiraza səbəb olub

Milli Məclisin (MM) Əmək və Sosial siyasət komitəsinin iclasında deputat Musa Quliyev Prezident Administrasiyasından daxil olan yeni hazırlanmış “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinə etiraz edib.

APA-nın məlumatına görə, qanun layihəsinin müzakirəsi zamanı M. Quliyev deyib ki, hazırda qüvvədə olan “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” çərçivə qanununu dağıdıb, onun əvəzinə əlillərin hüquqları ilə bağlı belə deklarativ qanun yaratmağa ehtiyac yox idi.

Deputat bildirib ki, yeni hazırlanmış qanun layihəsində əlillərlə bağlı iş stajı və digər məsələlər yer almayıb ki, bu da ciddi narazılıq doğuracaq: “Amma mövcud qanun daha praktik, konkret olaraq, əlillərin sosial müdafiəsində duran qanundur. Biz bunu ləğv etməklə etiraz yaradacağıq. Yeni hazırlanan isə Avropa qanunlarının təcrübəsinə, Avropadakı əlillərin tələblərinə uyğun hazırlanıb. Hazırkı qanunda əlilin sosial müdafiəsi ilə bağlı elə müddəalar var ki, yeni qanuna da salınmalıdır. Azərbaycanda 600 mindən çox əlil var. Bu ailələrin problemi birbaşa dövlətin üzərindədir”.

M. Quliyev əlillərin reyestr xidmətinin yaradılmasını da təklif edib.

Digər deputatlar isə M. Quliyevlə razılaşmayıblar və dəyişikliyin vacib olduğunu söyləyiblər.