Siyasi partiyaların bu şərtlərlə təsis edilməsi təklif edilir

Siyasi partiya Azərbaycanda son 20 il daimi yaşayan tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaş (təsisçilər) tərəfindən təsis ediləcək.

“Report”un xəbərinə görə, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.

Layihədə qeyd edilib ki, siyasi partiya Azərbaycan Respublikasının ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis ediləcək.

Siyasi partiyanın təsis edilməsi məqsədilə təsisçilər təsis yığıncağını keçirirlər. Təsisçilərin siyasi partiyanın təsis yığıncağında nümayəndə vasitəsilə iştirakına yol verilməycək.

Təsis yığıncağında siyasi partiyanın nizamnaməsi və proqramı qəbul olunur, təmsilçilik məqsədilə təsisçilər sırasından səlahiyyətli şəxs müəyyən edilir. Bu Qanunun 5.7-ci maddəsinə uyğun olaraq siyasi partiyanın nizamnaməsində və proqramında çatışmazlıqlar aşkarlanarsa təsis yığıncağında həmin sənədlərdə müvafiq dəyişikliklər edilir. Siyasi partiyanın təsis yığıncağının nəticələri protokolla rəsmiləşdirilir. Təsis yığıncağının protokolunda, o cümlədən təsisçilərin və səlahiyyətli şəxsin adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı və əlaqə telefon nömrəsi göstəriləcək.

Təsis yığıncağının keçirildiyi tarixdən 30 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ərizə ilə müraciət edərək təsis yığıncağının protokolunu, partiyanın nizamnaməsini və proqramını təqdim edir. Ərizə siyasi partiyanın səlahiyyətli şəxsi və digər təsisçilər tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənəcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ərizənin daxil olduğu tarixdən 30 gün müddətində sənədlərin bu Qanunun 5.1–5.4-cü maddələrinin tələblərinə uyğunluğunu yoxlayacaq.

Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, ərizənin daxil olduğu tarixdən 15 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onların aradan qaldırılması barədə məlumatı siyasi partiyanın səlahiyyətli şəxsinə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir, həmçinin bu Qanunun 4.7-ci maddəsinin tələbinə əməl olunmamasının hüquqi nəticələrini ona izah edəcək.

Qanunun 5.6-cı maddəsində nəzərdə tutulmuş məlumat daxil olduqdan sonra siyasi partiyanın səlahiyyətli şəxsi sənədlərdə aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün müddətində tədbirlər görür və ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizə siyasi partiyanın səlahiyyətli şəxsi və digər təsisçilər tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənəcək.

Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 5.5-ci və ya 5.7-ci maddəsində nəzərdə tutulmuş ərizənin daxil olduğu tarixdən 30 gün müddətində bu barədə məlumatı siyasi partiyanın səlahiyyətli şəxsinə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərəcək.

Qanunun 5.8-ci maddəsində nəzərdə tutulmuş məlumat daxil olduğu tarixdən 90 gün müddətində siyasi partiyanın səlahiyyətli şəxsi siyasi partiya üzvlərinin bu Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş sayının təmin edilməsi üçün tədbirlər görür və bu Qanunun 20.10-cu maddəsinə uyğun olaraq üzvlərin reyestrini tərtib edəcək.