“Elina üçün susma” və “Bullinq gələcəyi bulandırır” adlı tədbir keçirilib (Fotolar)

Aprelin 13-də Vətəndaş Hüquqları İnstitutunun (VHİ) təşkilatçılığı ilə “Elina üçün susma”, “Bullinq gələcəyi bulandırır” adlı  tədbir keçirilib.

Tədbirdə çıxış edən psixoloq Humay Axundzadə hadisəni bir neçə aspektdən təhlil edib: “Əvvəla, uşağın psixoloji problemlərinin olması şişirdilir. Bu şişirtmə böyükləri  məsuliyyətdən azad etmək üçün lazımsız dərəcədə şişirdilir”, deyə o, qeyd edib.  O, hesab edir ki, uşağın aqressiyasının yığılması və ifadə oluna bilməməsi bu hadisəyə səbəb olub.

Psixoloq deyib ki, uşaqla işləyən şəxslərin psixoloji yanma sindromundan əziyyət çəkdiyi faktdır: “Onların peşəkarlığını və vəziyyətini ölçmək üçün əlimizdə heç bir alət yoxdur, bürokratik əngəllər də buna mane olur. Məktəblərdə psixoloji xidmətin səviyyəsi aşağıdır, ümumiyyətlə bir məktəbə bir psixoloq azlıq edir, bu iş bir psixoloqla peşəkar qurula bilməz. Məktəb rəhbərliyi özü də psixoloqun işini artırır, ona aidiyyatı olmayan tapşırıqlar verir”

H.Axundzadə bildirib ki, məktəblərdə durumun necə olmasını heç bir vasitəylə ölçmək mümkün deyil, tədqiqatlar aparılmır: “Əlimizdə göstəricilər yoxdur. Fərqliliklər müzakirə olunmur, hamı buna qarşıdı, istər gender fərqliliyi, istər digər. Valideynlər isə mövqe göstərmirlər, laqeyddirlər”.

Qadın və Uşaq İctimai Birliyinin sədri Sevinc Fədai maarifləndirmənin önəmli olduğunu deyib:

“Biz fəaliyyətimizə aşağıdan, sadə vətəndaşı maarifləndirmədən başlamalıyıq. Yuxarıdan dəyişiklik, yeni yanaşma gözləmək həm vaxt baxımdan, həm də çeviklik baxımından bizi geriyə salır. Hər birimiz valideynlərin, uşaqların və onlarla işləyən şəxslərin müxtəlif baxımlardan maariflənməsinə tövhəmizi verməliyik, dəstək olmamasına görə həvəsdən düşməməliyik”.

Bəhai icmasının yeniyetmələrlə iş departamentinin pedaqoqu Mailə Aslan qeyd edib ki, onların cəmiyyəti uşaq və yeniyetmələrlə aqressiyanın azaldılması və məsələlərə fərqli yanaşma istiqamətində təlimlər aparırlar və bu, çox effektiv olur.

Müəllimə Aygün Pəncəliyeva və hüquqşünas Üzeyir Məmmədli buna etiraz edərək bildiriblər ki, 18 yaşına çatmamış heç bir şəxsi dini icmaların tədbirlərinə buraxmaq olmaz.

Aygün Pəncəliyeva işlədiyi beynəlxalq statuslu məktəbin standartlarından danışaraq bu qaydaları yerli məktəblərə tətbiqini təklif edib:

“Məktəbimizin öz şəbəkəsi qarşısında əsas öhdəliklərindən biri PSHE (Personal, Social, Health and Economic (PSHE) education) standartlarından kurs götürməmiş heç bir işçini, hətta inzibati işçiləri də məktəbli ilə iş mühitinə buraxmamaqdan ibarətdir. Bu cür sertifikat hər il verilən imtahanla yenilənir. Bundan əlavə bu istiqamətdə dərslər 6-7-ci siniflərdən etibarən şagirdlərin özlərinə də keçilir, çünki kiçiklərlə iş böyüklərlə işdən daha qiymətlidir. Dünyada geniş yayılmış və faydalı praktikalardandır, məktəbdaxili münasibətlərə çox faydalıdır”, deyə o, qeyd edib.

Hüquqşünas Üzeyir Məmmədli deyib ki, son zamanlar vətəndaş reaksiyası olan problemlərə birinci şəxs səviyyəsindən reaksiyaların gəlməsi tendensiyası yaranıb: “Bu tendensiyanın davamlılığını təmin etmək üçün şəbəkələrdən daha optimal istifadə etmək yaxşı olardı”.

İqtisadçı Vüqar Hüseynov bildirib ki, menecmentdə dəyişiklik etmək, məsələyə münasibəti dəyişə bilər. O, məsələyə müəssisə maraqları çərçivəsindən baxmağın faydalarından da danışıb.

Tədbiri moderasiya edən sosial işçi Sənubər Heydərova sonda bütün məsələlərlə bağlı ümumiləşmiş fikirləri ifadə edib:

“Qeyd etmək istəyirəm ki, hər il məktəblərdə, hətta region məktəblərində belə müxtəlif mövzularda tədqiqatlar keçirilir. Lakin bu tədqiqatlar uzun-uzadı bürokratik əngəllər keçməlidi: onunçün icazə birbaşa Prezident Administrasiyasından alınmalıdı, suallar yenə də onların razılığı ilə dəyişdirilməlidir. Nəticələri də eyni aqibət gözləyir: onlar geniş ictimaiyyətə təqdim olunmurlar, yaxud illər sonra, aktuallığını itirəndə nəşr olunurlar”.

S.Heydərova qeyd edib ki, məktəblərdə psixoloqlardan başqa sosial işçilər dəişləməli, uşaqların həm özləri, həm ailələri ilə qiymətləndirmə aparılmalı, təcili hallar müəllim və sosial işçilər tərəfindən psixoloqa yönəldilməlidir:

“Uşaq Müdafiə Sistemi hansısa sığınacaqların və bir Komitənin işindən asılı olmadan ayrıca, müstəqil sistem kimi formalaşdırılmalıdır”.

Tədbirdə iştirak edən gənc tələbələr məsələnin səbəblərini peşəkarlığın çatışmazlığında və pedaqoqların və psixoloqların gördükləri iş yükünün qarşısında az maaş almasında gördüklərini deyiblər.

Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın aprelin 4-də özünü üçüncü mərtəbədən atıb və yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat edib.

Hadisədən az sonra sosial şəbəkədə müxtəlif videolar yayılmağa başlayıb. Həmin videogörüntülərdə şagirdin yaralı vəziyyətdə olsa da, xəstəxanaya çatdırılmadığı, əksinə kimlər tərəfindənsə məktəb direktorundan şikayəti olub-olmadığı, nə istədiyi haqda suallar verildiyi görünür. Yayılan məlumatlarda yaralı üçün təcili tibbi yardımın iki saat sonra çağrıldığı deyilirdi.

Bütün bunlara etiraz olaraq ictimai fəallar sosial şəbəkələrdə “Elina üçün susma” “Bullinq gələcəyi bulandırır” kampaniyasına başlayıblar. (Benefisiar.org)