“Elina işi” ilə bağlı məktəb direktoruna hökm oxundu

Elina Hacıyevanın anası
Sevil Hüseynova

Sevinc Abbasova  2 il 2 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib, zərərçəkmiş tərəf hökmü ədalətsiz hesab edir

Bakının 162 saylı məktəbinin 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı iş üzrə prosesdə oktyabrın 24-də hökm oxunub.

Məhkəmə məktəbin keçmiş direktoru Sevinc Abbasovanı CM-in 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə gətirib çıxardıqda) maddələri ilə təqsirli bilib və onu 2 il 2 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib.

Bu müddət ərzində onun Bakı hüdudlarını tərk etməsi və yaşayış yerini dəyişdirməsi qadağan edilib.

Bundan başqa, məhkəmə Abbasovaya qarşı mülki iddianı qismən təmin edərək, onun üzərinə zərərçəkmiş tərəfə vəkil haqqının ödənilməsi üçün 8500 manat və mənəvi ziyana görə 10 min manat ödəmək öhdəliyi qoyub.

Abbasova həmçinin ekspertiza xərclərinin ödənilməsi üçün 772 manat ödəməlidir.

Təhsil Nazirliyinə qarşı 100 min manat ölçüsündə iddia təmin edilməyib.

Zərərçəkmiş tərəf hökmü ədalətsiz hesab edir. Həlak olan qızın anası və vəkilləri apellyasiya verəcəklərini bildiriblər.

Qeyd edək ki, qeyd edilən maddələrlə Abbasova 5 ilə qədər azadlıqdan məhrum edilə bilərdi.

2019-cu il aprelin 4-də 162 nömrəli məktəbin şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. Faktla bağlı Bakı şəhər Prokurorluğunda CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Sonradan məktəbin direktoru Abbasova iş üzrə məsuliyyətə cəlb edilib. Ona qarşı CM-in 143 və 314.2-ci maddələri ilə ittiham irəli sürülüb. Amma 125-ci maddə ilə heç kim məsuliyyətə cəlb edilməyib. Oktyabrın 16-da prokuror məktəbin keçmiş direktorunu 2,5 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum etməyi təklif edib.

Turan İnformasiya Agentliyi 

Əvvəlki məqaləPublik hüquqi şəxslər hansı vergidən azad ediləcək?
Növbəti məqalə“Amerikanın səsi” radiosu “Benefisiar”dan reportaj hazırlayıb – VİDEO