Vergi ödəyicilərinin diqqətinə!

Mayın 12-si saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılır.

Bu barədə “Report”a Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumada deyilir ki, vergi ödəyiciləri bir sıra linklər vasitəsi ilə onlayn növbə tuta və ya öncədən tutulmuş növbəni ləğv edə bilərlər. Onlayn növbəyə yazılmaq üçün https://www.e-taxes.gov.az/ebyn/novbe/, onlayn növbənin ləğvi üçün https://e-taxes.gov.az/ebyn/novbe/ordercancel.html və elektron xidmətlər üzrə istifadəçi təlimatı üçün isə https://bit.ly/2Wjtb5I adresinə daxil olmaq tələb olunur.

Onlayn növbəyə yazılmış şəxslər xidmət mərkəzinə yaxınlaşdıqda özləri ilə şəxsiyyət vəsiqələrini (Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi və ya qaçqın vəsiqəsini) və ya Fiziki şəxsin uçotu haqqında şəhadətnaməni (Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə və s.), müraciət edən şəxs elektron xidmətin istifadəçisinin səlahiyyətli nümayəndəsi olduqda müvafiq qaydada təsdiq olunmuş etibarnaməni və onlayn növbəyə yazılma ilə bağlı elektron poçt ünvanına göndərilmiş bildirişi mərkəzin məsul şəxsinə təqdim etməlidirlər.

Nəzərinizə çatdırırıq ki, tibbi maskasız xidmət mərkəzinə müraciət edənlərin qəbulu həyata keçirilmir.

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etmək xahiş olunur.

Qeyd edək ki, mayın 12-dən vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyəti bərpa olunduğundan yeni koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülmüş tədbirlər çərçivəsində vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyətinin müvəqqəti dayandırıldığı dövründə vergi ödəyicilərinin müraciətlərinin qəbulunun həyata keçirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında yerləşdirilmiş telefon nömrələri və elektron poçt ünvanları vasitəsi ilə müraciətlərin qəbulu dayandırılır.

Əvvəlki məqaləNazir müavini işdən çıxarıldı
Növbəti məqaləParça maskalar necə istifadə olunmalıdır?