Prokurorluq orqanlarına işə qəbul üzrə test imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı İdman Sarayında təşkil olunan imtahan saat 10:00-da başlayıb və 3 saat davam edib.

İşə qəbul olmaq üçün ərizə təqdim etmiş 481 namizəddən 71 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak etmiş 410 namizəddən 222 nəfəri müsabiqə şərtini (70 və daha çox bal) ödəyərək növbəti mərhələyə buraxılıb. 1 namizəd ən yüksək bal – toplanılması mümkün olan 90 bal toplayıb.