Dövlət Komitəsi pulsuz hüquqi yardımla bağlı təkliflər hazırlayıb

“Komitə tərəfindən pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı təkliflər hazırdır və hu istiqamətdə aidiyyəti qurumlarla danışıqlar aparılır”.

“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, BMT-nin Qadınlara qarşı ayrı seçkiliyin ləğv edilməsi komitəsi ilə BMT-nin Uşaq hüququları komitəsinin Azərbaycanla bağlı narahatlıq törədən tövsiyələrinin aradan qaldırılması üçün tədbirlər görülür:

“Pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı Komitə ilə Vəkillər Kollegiyası arasında imzalanan memoranduma əsasən biz onların üzərinə pulsuz hüquqi yardım göstərmək öhdəliyi qoymuşuq. Onlar bu istiqamətdə əllərindən gələni edirlər. Lakin məhkəməyə müraciət müəyyən vəsait tələb edir. Düşünürük ki, bu məsələnin köklü həlli qadınları pulsuz hüquqi yardımın göstərilməsi məsələsinin qanunvericiliklə tənzimlənməsidir”.

“Biz tam pulsuz hüquqi yardıma nail olmaq üçün aidiyyəti qurumlara müraciət etmişik ki, onlar da öz təkliflərini hazırlasınlar. Çünki prosesə yanaşma müxtəlif qurumlar tərəfindən fərqli aspektlərdən aparılır. Yekunda biz mütləq bu prosesin müsbət həllinə nail olacağıq”.