Gələn həftə əfv sərəncamı imzalana bilər

Prezident yanında Əfv Məsələləri Komissiyası martın 6-da 2019-cu il üçün iclaslarını yekunlaşdırıb. 

Bu barədə Modern.az xəbər yayıb. Komissiyadan verilən məlumata görə, iclaslarda hüquq müdafiəçiləri, Ombudsman, Milli Məclis və digərlərindən daxil olan 1000-dən çox müraciətə baxılıb

Məlumata görə, müraciətlər əsasında müvafiq arayışlar hazırlanıb, əfv olunacaq insanların siyahısı hazırlanıb.

Bildirilir ki, növbəti həftə ərzində prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağı gözlənilir. Əfv sərəncamının verilməsi ölkə rəhbərinin konstitusion hüququdur.

Məlumata görə, əfv sərəncamının 13-17 mart tarixlərində imzalanacığı gözlənilir.

Sonuncu dəfə 2018-ci ilin may ayında, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı əfv sərəncamı imzalanıb. Sərəncama əsasən 634 məhkum cəzadan azad edilib. Onlardan 609 nəfər azadlıqdan məhrumetmə cəzasının qalan hissədindən azad olunub.

Ötən il imzalanan əfv sərəncamı ümidləri tam doğrultmayıb. Siyasi məhbus kimi tanınan şəxlərin bir çoxu həbsdə qalıb.

Bəzi hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti nümayəndələri Novruz Bayramı ərəfəsində imzalanacaq əfv sərəncamından gözləntilərinin olduğunu deyirlər. Onlar bu dəfə siyasi məhbusların ən azı bir hissəsinin azadlığa buraxılacağına ümid etdiklərini bildiriblər. (abzas.org)