Ödəmə terminallarında yeni əsginazlarla bağlı hansı problem yaranıb?

Azərbaycanda ötən ilin sonlarında tədavülə buraxılan yeni əsginazların ödəmə terminallarında qəbul olunmaması ilə bağlı məlumatlar yayılıb.

Sərnişinlər “MilliÖn” terminallarında, “BakıKart” və dəmir yollarında istifadə olunan nəqliyyat kartlarına gediş haqqı yükləməkdə çətinliklə üzləşirlər. Onların sözlərinə görə, karta ödəniş olunan zaman terminalda tutulma baş verir və vəsait balansa yüklənmir.

“Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün “BakıKart”a müraciət edib. “BakıKart”dan hazırda bu sahədə hər hansı problemin olmadığını bildiriblər: “Yeni əsginazlar təzə tədavülə çıxan zaman müəyyən problemlər var idi və artıq o problem aradan qaldırılıb. Onlar aparatlara tanıdılıb, ödəmə terminallarının böyük əksəriyyətində karta pul yükləmək mümkündür. Ola bilər ki, hansısa aparatda texniki problem olsun və bu baxımdan balans doldurmaq mümkün olmasın. Əgər hansısa aparatda belə problem ortaya çıxarsa, o, dərhal aradan qaldırılır”.

“MilliÖn” Müştəri Xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva isə saytımıza bildirib ki, hazırda yeni əsginazlarla bağlı proqram yenilənməsi həyata keçirilir. Bu baxımdan bəzi terminallarda əməliyyat zamanı çətinliklər yaranır: “Demək olar ki, terminalların 90 faizə yaxınında yeni əsginazlar qəbul olunur. Yerdə qalan 10 faiz terminalların üzərində isə iş gedir. Onlara hazırda yeni proqram təminatı yüklənməkdədir. Çünki terminal sayı çoxdur və bu proses mərhələli şəkildə həyata keçirilir”.

Prosesin nə vaxt başa çatmasına gəlincə isə, Ü. Əfəndiyeva bildirib ki, test mərhələsində də bəzi məqamlar ortaya çıxır və onlar da aradan qaldırılaraq yeni proqram yüklənir. Ona görə də, prosesin nə vaxt bitəcəyi məlum deyil: “Çalışırıq ki, bu proses tez zamanda tamamlansın”.

Əvvəlki məqaləİcbari tibbi sığorta ilə maraqlananların diqqətinə!
Növbəti məqaləBu rayon və şəhərlərdə uşaq bağçaları bağlanıb