“Media haqqında” qanun layihəsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq

“Milli Məclisin payız sessiyasında “Media haqqında” qanun layihəsi müzakirə ediləcək”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, qanun layihəsi müvafiq qurumlarda diskussiyalardan keçib, sənəd ətrafında ictimai müzakirələr təşkil edilib: “Qanun layihəsinin parlamentin plenar iclasında müzakirəyə çıxarılması üçün lazımi bütün addımlar atılıb. Artıq bu yöndə hər hansı çətinlik qalmayıb”.

Komitə sədri diffamasiya ilə bağlı da qanun layihəsinin hazırlanmasını təklif etdiyini qeyd edib: “Ən azı bununla bağlı ötən sessiyada ertələnən diffamasiya ilə bağlı dinləmələr təşkil etməyi sessiyanın gündəliyinə çıxaracağımıza ümidvarıq”.

Z. Oruc bildirib ki, “Diaspor haqqında” qanun layihəsinin ilkin variantı da artıq hazırdır:

““Diaspor haqqında” qanun layihəsinin hazırlanması istiqamətində işlər gedir. Qanun layihəsinin ilkin variantı artıq hazırdır. Bu sessiyada bu qanun layihəsinin də müzakirəsini gözləyirik”.

Z. Oruc komitə olaraq müvafiq dövlət, hökumət qurumları, nazirliklər, həmçinin üçüncü sektorun nümayəndələri ilə çoxsaylı görüşlər, tədbirlərin keçirilməsinə ehtiyac duyduqlarını bildirib: “O cümlədən bir sıra beynəlxalq qurumlarla da normal münasibətlərin qurulması çox mühüm əhəmiyyətə malikdir. Həmin təşkilatlar uzun illərdir ki, müəyyən səbəbdən Azərbaycanı hədəfə götürüblər. Bu ənənəvi qarşıdurma mövqeyi bizə fayda gətirmir. Belə olan halda biz çox arzulayırıq ki, bu istiqamətdə də bir sıra yeni yanaşmalar tətbiq olunsun. 2019-cu ildən başlayaraq, dövlətimiz də həm daxildə, həm də regional beynəlxalq əlaqələrdə bir sıra məsələlərə yeni yanaşmalar tətbiq edir. Xüsusilə Vətən Müharibəsində qələbədən sonra biz hər hansı beynəlxalq hesabatlarda, yaxud qərəzdən kənar olan təşkilatların qiymətləndirilmələrində arzuolunmaz yerlərdə ola bilmərik. Bu, ölkəmizə münasibətə, siyasi əlaqələrə, o cümlədən iqtisadi münasibətlərə, həmçinin investisiya mühitinə mənfi təsir göstərən hadisədir. Bunlar hamısı heç şübhəsiz ki, ölkənin ümumi mənafeyi ilə əlaqəli məsələlərdir. Ona görə də payız sessiyasının qanunvericilik işlər planına bu istiqamətdə də ictimai dinləmələrin, müzakirələrin keçirilməsi ilə bağlı məsələnin daxil edilməsini təklif edəcəyik. Digər önəmli məsələ insan haqları kontekstində tarixi Azərbaycan torpaqlarında bizim mənəvi, ədəbi və bədii mirasımızla bağlı görüləcək işlərlə bağlı komitə səviyyəsində müxtəlif mərkəzlərlə yaxından əməkdaşlıq etmək və bu işləri ixtisaslaşmış beynəlxalq qurumlarla görüşlərdə təqdim etməkdir. Bu da bizim fəaliyyətimizin mühüm hissəsi olmalıdır. Bu yöndə komitə üzvləri çərçivəsində müzakirələrimiz keçirilib. Bunların hamısı koordinasiyalı şəkildə tam formalaşdırıb, komitənin gündəliyinə hansı məsələlərin çıxarılması ilə bağlı əlavə məlumat veriləcək”.

Əvvəlki məqaləAçıq məkanlara giriş üçün COVİD pasportu tələb olunacaq? DİN-dən AÇIQLAMA
Növbəti məqaləSənədsiz evlərin sənədləşdirilməsi niyə gecikdirilir?